“Prosesin böyük yanğına çevrilməsinin qarşısı alınmalıdır” – Natiq Miri
Son günlərdə Fransada baş verən ardıcıl silahlı hücumların əsl mahiyyəti hər kəs üçün maraqlıdır. Bəziləri hesab edir ki, bu hadisələrin fonunda hansısa siyasi güclər, o cümlədən Qərbin maraqları dayanır. Məhz müsəlman aləmini, İslamı gözdən salmaq üçün planlaşdırılıb. Digər tərəfdən bunu dini ekstremizmlə əlaqələndirənlər də az deyil.
Politoloq Natiq Miri Fransada baş verən hadisələrə belə bir aspektdən yanaşdı: “Fransada baş verən hadisələrin sonundan öncə baş verənlərin doğru adını qoymaq lazımdır. Baş verən hadisə İslam təəssübkeşliyi kimi təqdim olunsa da, olayın mahiyyəti bəlli olduqca bu fikir rəqabətə dözümlü olmur. Çünki hadisəni törədənlər İslam peyğəmbərini müdafiə etmək adıyla başqa günahsız insanlara da zərər verdilər. İslam isə haqsız tətbiq olunan zoru qəbul etməz. Hadisəni törədənlərin həbs olunması üçün həyata keçirilən əməliyyatda ticarət mərkəzində yüzlərlə insan girov götürülmüşdü ki, bunların arasında günahsız uşaqlar da yox deyildi. Peyğəmbərimizin təbirincə desək, “bir məsum insanın öldürülməsi bütün dünyanın öldürülməsi kimidir” fikri özündə daşıyan bir dinin nümayəndələri törətdikləri terroru İslam təəssübkeşliyi adına yaza biməz. İslamda yanlış digər yanlışla düzəldilməz. Ona görə də bu hadisənin arxasında böyük maliyyə güclərinin durduğunu düşünürəm. Çünki bu hadisəni törətməklə bütün Avropada antiİslam prosesinə rəvac verdilər. Məgər müsəlmanlara bu, lazım idi? Əksinə, xristian-müsəlman qarşıdurmasını yaratmaqla diqqəti öz zorakılıqlarına haqq qazandırmaq istəyən güclərin izləri hiss olunur. Fikir versəniz, son zamanlar Fələstini müstəqil dövlət olaraq bir neçə Avropa ölkəsi tanıdı. Və bu prosesin davamlı olacağı təbii ki, bunu istəməyən gücləri narahat edirdi. Ona görə də belə bir hadisənin torədilməsi bu prosesin qarşısını almaq üçün yaxşı alət ola bilərdi. Bunu həm müsəlman, həm də xristian dünyasının liderləri anlamamış deyil. Düşünürəm ki, birgə səylərlə belə bir bəlanın qarşısı alınacaq. Çünki bu hadisənin arxasında dayanan güclərlə İŞİD terror qruplaşmasını yönəldənlərin eyni olduğunu düşünürəm. Ona görə də ağlı başında olan hər bir şəxs bu hadisələrin bir xristian-müsəlman qarşıdurması olmadığının fərqindədir. İnşaallah, məhz bu liderlərin soyuqqanlı və rasional addımlarıyla prosesin böyük yanğına çevrilməsinin qarşısı alınacaq”.
Kamran