!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin-Ərdoğan danışıqları nə ilə nəticələndi? – FOTO

!Reklam – Yazi

Martın 10-da Moskvada Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Yeniçağ.Ru-nun xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının VI iclasında iştirak məqsədi ilə Moskvaya gəlib.

Məlumata görə, Rusiya və Türkiyə prezidentləri arasında görüşdə Suriyada yaranmış vəziyyət, o cümlədən, iki ölkənin hərbi fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Bu, iki ölkə arasında münasibətlərin normallaşmasından sonra Ərdoğanın Rusiyaya ikinci səfəridir. Moskva-Ankara münasibətləri 2015-ci il noyabrın 25-də Rusiya hərbi təyyarəsinin vurulmasından sonra pozulmuşdu. Putin və Ərdoğan sonuncu dəfə 2016-cı ilin oktyabrında İstanbulda təşkil olunan Ümumdünya Enerji Konqresi çərçivəsində bir araya gəlmişdilər. Prezidentlər qeyd olunan Şura çərçivəsində isə 3 il əvvəl görüşmüşdülər. Onlar münasibətlərin artıq normallaşdığını bildirirlər. Rusiya yaxın müddətdə Türkiyənin inşaat şirkətlərinə tətbiq etdiyi sanksiyanı da aradan qaldıracaq. Bundan başqa, tərəflər artıq 1 milyard dollar həcmində birgə investisiya fondu da yaradıblar.

Kremldə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə açıqlama verən prezident Ərdoğan anlaşılmazlıqların tam aradan qaldırıldığını deyib:

“Münasibətlərin normallaşdırılması prosesini başa vurmuşuq. Bir daha “normallaşma” sözünü işlətmək istəmirəm. Qarşılıqlı etimadın yaranmasına çalışırıq. Faciə nəticəsində çox vaxt itirilsə də, problemləri yoluna qoya bildik”.

Öz növbəsində Putin iki ölkə arasında münasibətlərin bütün səviyyələrdə bərpa edildiyini də vurğulayıb.
Yüksək səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının VI iclası Putin və Ərdoğanın sədrliyi ilə keçirilib. Toplantıda hər iki ölkənin nazirləri iştirak ediblər.

Toplantıdan sponra Ərdoğan qeyd edib ki, Rusiya hələ ki Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların bəzisini aradan qaldırmayıb. Onun sözlərinə görə, Türkiyə Rusiyanın bütün iqtisadi məhdudiyyətləri aradan qaldırmasını arzulayır və gözləyir. Prezidentin fikrincə, yalnız bu halda ikitərəfli ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq kimi strateji məqsədə nail olmaq mümkündür. Ərdoğan Rusiyanın Türkiyə vətəndaşları üçün viza məsələsinə yenidən baxmasını gözlədiyini də diqqətə çatdırıb. Xatırladaq ki, Rusiya Türkiyə vətəndaşları üçün vizasız rejim qaydasını 2016-cı ilin yanvarında ləğv edib.

Putin isə əlavə edib ki, Türkiyə inşaatçıları üçün tətbiq edilmiş qadağanın yaxın vaxtlarda aradan qaldırılmasında razılıq əldə olunub və bu, artıq texniki xarakter daşıyır.
Suriyadakı vəziyyətdən danışan Putin bildirib ki, Rusiya, Türkiyə və İranın qarşılıqlı fəaliyyəti olmasaydı, həmin ölkədə atəşkəsin razılaşdırılması mümkün deyildi. Maraqlıdır ki, Suriyadakı mövcud duruma münasibət bildirən Ərdoğan İranın bu prosesdə iştirakına toxunmayıb. Türkiyə lideri Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatı haqqında məlumat verərək, bunun nəticəsində Rusiyada da qadağan olunmuş İraq-Şam İslam Dövlətinin (İŞİD) işğal etdiyi ərazilərdən 2,2 min kvadrat kilometrinin azad edildiyini bildirib. Ərdoğan İŞİD-ə və kürd terror təşkilatlarına qarşı əməliyyatların davam etdiriləcəyini deyib. Dövlət başçısı Suriya və İraqın ərazi bütövlüyü haqqında bunları söyləyib:

“İraq və Suriyanın ərazi bütövlüyü bizim üçün vacibdir. Hazırda Türkiyədə 3 milyon suriyalı, 300 min iraqlı qaçqın məskunlaşıb. Həmin insanların çəkinmədən öz yurdlarına dönmələrinə nail olmaq lazımdır”.
Ərdoğan Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatların o ərazilərin terrorçulardan təmizlənərək həqiqi sahiblərinə qaytarılması məqsədi daşıdığını qeyd edib:

“Biz heç bir ərazini işğal etməyə can atmırıq, istəyirik ki, sakinlər – Menbiçin əsl sahibləri öz şəhərlərinə qayıtsınlar. Xatırladaq ki, Menbiç ötən ilin avqustunda kürd qruplaşmaları tərəfindən İŞİD-dən azad olunub. Ərdoğan öz çıxışında həmin kürd qruplaşmalarını “terror təşkilatı” adlandırıb.

Rusiya və Türkiyə münasibətlər pozulana qədər iki nəhəng enerji layihəsi – “Akkuyu” Atom-Elektrik Stansiyasının inşası və “Türk axını” qaz xəttinin çəkilişi üzrə danışıqlar aparırdılar. Putinin sözlərinə görə, “Qazprom” şirkəti “Türk axını” layihəsi üzrə illik həcmi 15,75 milyard kubmetr olan iki xəttin tikintisinə hazırdır. Xəttin biri Türkiyənin daxili bazarı, digəri isə Türkiyədən keçməklə Avropaya uzanacaq.

Rusiya prezidenti “Rosatom” şirkətinin artıq Akkuyuda Atom-Elektrik Stansiyasının tikintisinə başladığını deyib:

“Hesablamamıza görə, yaxın vaxtlarda bu layihəyə strateji investisiya statusu veriləcək”.

Sözügedən 20 milyard dollarlıq bu layihəyə strateji investisiya statusunun verilməsi məsələsi artıq çoxdan müzakirə olunur. Prezidentlərin 2016-cı il avqust görüşündə bu mövzuya toxunulsa da, layihəyə strateji investisiya statusu hələ də verilməyib. Layihənin təməlqoyma mərasimi 2015-ci ildə olsa da, “təyyarə böhranı” bu işlərin dayandırılmasına səbəb olmuşdu. Akkuyuda işlər 2016-cı ilin avqustunda bərpa edilib. Rusiya və Türkiyə prezidentlərinin görüşünün əsas nəticələrindən biri də 1 milyard dollarlıq birgə investisiya fondunun yaradılmasıdır. Bura Rusiyanın birbaşa investisiyalar fondu ilə Türkiyənin suveren fondu ayrılıqda 500 milyon dollar yatıracaqlar.

Yeniçağ.Az

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv