“Rusiya ordusunun yeni taktiki həmlələrə başlamaq gücü qalmayıb” - TƏHLİL
“Momentum sürüşür”, Rusiyanın yay hücumu gücünü itirir.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Ukraynaya qarşı planlanan yay hücumunu təhlil edən “The Telegraph” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı başladığı yay hücumu, ilk həftələrdəki intensivliyin ardından hazırda sürətini və təsir gücünü itirməkdədir. Donetsk vilayətində yerləşən kiçik, lakin strateji əhəmiyyətli litium yatağının ələ keçirilməsi belə, Moskvanın ciddi hərbi üstünlük əldə etməsinə imkan verməyib. Moskva bu əməliyyata aylardır davam edən hazırlıqdan sonra may ayında start verib. İlk mərhələdə bəzi lokal uğurlar əldə edilsə də, hazırda əməliyyat durğunluq mərhələsinə keçib.
Müharibələrin Tədqiqi İnstitutunun analitiki Anjelika Evans bildirib ki, Rusiya ordusunun yeni taktiki həmlələrə başlamaq gücü qalmayıb. O, həmçinin vurğulayıb ki, bu yay hücumu əslində yazda başlanmış əməliyyatların davamıdır. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski də təsdiqləyib ki, Rusiyanın Sumı istiqamətində irəliləməsi dayandırılıb. Bəzi ərazilər isə Ukrayna tərəfindən geri alınıb. Sırski əlavə edib ki, bu yay hücumu 2024-cü ildə Xarkov cəbhəsindəki uğursuzluğun təkrarıdır və Rusiyanın ümumi strateji hədəflərinə çatmaq imkanları tükənmək üzrədir.
Ekspertlər bildirirlər ki, Donetsk və digər şərq cəbhələrində, xüsusilə Kostiantynivka kimi şəhərlərin ələ keçirilməsi cəhdləri dalana dirənib. Rusiya ordusu daha çox əsgər və texnika cəmləşdirsə də, bu qüvvələrin çoxu zəif hazırlıqlıdır. Kral Birləşmiş Xidmətlər İnstitutunun hərbi analitiki Nik Reynolds isə hesab edir ki, artilleriya və zirehli texnika ehtiyatlarının tükənməsi Rusiya ordusunun hücum gücünü davam etdirməsinə imkan vermir. Analitiklər həmçinin xəbərdarlıq edirlər ki, Sumı, Xarkov və Dnepr kimi müxtəlif istiqamətlərdə paralel təzyiq cəhdləri, Rusiya qüvvələrinin həddindən artıq parçalanmasına və effektivliklərinin azalmasına səbəb olur.
Nəsimi Ələsgərli