Putin-Tramp görüşünə Ukraynanın BAXIŞI: "Simvolik əhəmiyyət daşıyır"
“Tramp bitərəfdir, amma sülhdə marağı olmayan digər oyunçular da var”.
Yenicag.az xəbər verir ki, bunu ukraynalı hüquqşünas Tatyana Montyan deyib.
O, Alyaska görüşü ilə bağlı fikirlərini səsləndirərkən bildirib ki, görüşdən hər hansı real irəliləyiş gözlənilmir:
“Ukrayna məsələsi, ümumiyyətlə, müzakirə olunmaya bilər. Liderlər Arktika, şelf, kritik malların ticarəti və ya ictimaiyyətin bilmədiyi məhbus mübadiləsi kimi mövzulara toxuna bilərlər. Görüş simvolik əhəmiyyət daşıyır. İnsanların danışması yaxşıdır, amma bunun müharibədə dönüş nöqtəsi olacağına inanan yoxdur. Tramp bitərəfdir, amma sülhdə marağı olmayan digər oyunçular da var.
Trampın əldə edəcəyi istənilən razılaşma uzunmüddətli ola bilməz, çünki daxildə güclü siyasi rəqabət mövcuddur. 2026-cı il ara seçkilərinin nəticəsini heç kim bilmir. Hakim partiya heç vaxt ara seçkilərdə itkilərdən tam qaça bilməyib. Trampın razılaşdığı hər şey qısaömürlü olacaq, çünki onun düşmənləri sayıqdır, reytinqləri enir və reputasiyası risk altındadır. Danışmaq yaxşıdır, amma real nəticə gözləmək olmaz.
Bu gün Ukraynada sülhün daxildə qəbul etdirilməsi çətin, bəlkə də, mümkünsüzdür. İstanbul danışıqlarından sonra minlərlə ölüm, itirilmiş ərazilər və baş verən bütün hadisələrdən sonra sülhü necə izah edəcəklər? 2022-ci ildə yüngül variant mövcud idi, amma indi hər şey dəyişib”.
Nəsimi Ələsgərli