Putinin “imperiya” İŞTAHI: Ukraynadan sonra kim gəlir?

media-hightechnic-468x90

“Bu gün pul, sabah qan”

Ukrayna-Rusiya müharibəsi artıq iki ölkə arasındakı münaqişə çərçivəsindən çıxaraq, daha qlobal və təhlükəli bir mərhələyə qədəm qoyub. Polşa artıq dünyaya kəskin xəbərdarlıq edir: “Ya Ukraynaya yardım etməliyik, ya da hamımız məhv olmalıyıq”. Bəs Ukrayna tam işğal edilərsə, növbəti hədəf haradır? Polşa, yoxsa Baltikyanı ölkələr? Rusiya Avropadan nələri qoparmağa çalışır?

Bu və digər aktual sualları politoloq Mürtəza Bünyadov “Yenicag.az” üçün cavablandırıb.

media-img_4567

Avropa qarşısında tarixi seçim: Pul, yoxsa müharibə?

“Polşa Baş nazirinin Avropaya ünvanladığı son çağırış, əslində, təkcə Varşavanın deyil, bütün Şərqi və Mərkəzi Avropanın dərin narahatlığını ifadə edir. ‘Bu gün pul, sabah qan’ dilemması emosional səslənsə də, Avropanın təhlükəsizlik reallıqları baxımından kifayət qədər rasional məntiqə əsaslanır. Ukraynadakı müharibə artıq regional münaqişə sərhədlərini aşaraq, Avropanın ümumi təhlükəsizlik arxitekturasını sarsıdan fundamental faktora çevrilib”.

Polşa niyə özünü növbəti hədəf hesab edir?

“Tarixi təcrübə Polşanın təhlükəsizlik reflekslərini tam izah edir. Rusiya imperiyası, Sovet İttifaqı və Nasist Almaniyası arasında dəfələrlə bölünməyə məruz qalmış bir ölkə kimi, Polşa Moskvanın ekspansionist siyasətini nəzəri təhlükə yox, real risk kimi qəbul edir. Ukraynanın tam işğalı reallaşarsa, Polşa-Rusiya qarşıdurması birbaşa hərbi toqquşma ilə deyil, hibrid üsullar, siyasi təzyiqlər və müxtəlif təxribat mexanizmləri ilə başlaya bilər. Baltik ölkələri, Moldova və hətta Balkanlar da bu təhlükə zəncirinin bir parçasıdır”.

Rusiyanın məqsədi: Yeni SSRİ, yoxsa nəzarət olunan təsir zonası?

“Moskvanın məqsədini sadəcə ‘SSRİ-nin bərpası’ kimi təqdim etmək siyasi baxımdan bəsit yanaşmadır. Daha real ssenari Rusiyanın keçmiş sovet məkanında və Şərqi Avropada özünə tabe, qərarvermə qabiliyyəti məhdud olan dövlətlərdən ibarət ‘bufer zona’ yaratmaq istəyidir. Ukrayna bu strategiyada açar rolu oynayır: onun itirilməsi Rusiyanın imperiya iddialarına sarsıdıcı zərbə vurardı, qazanılması isə regionda domino effekti yarada bilər”.

“Müharibə qapımızdadır” tezisi nə dərəcədə realdır?

“NATO rəhbərliyi və Avropa liderləri tərəfindən səslənən bu tip bəyanatlar hərbi panika yaratmaqdan çox, siyasi səfərbərlik məqsədi daşıyır. Yaxın 10 il ərzində Rusiyanın NATO üzvü olan Polşa və ya Almaniya ilə birbaşa genişmiqyaslı müharibəyə girməsi aşağı ehtimaldır. Lakin 20–30 illik perspektivdə, xüsusilə NATO zəifləyərsə və ABŞ Avropadan çəkilərsə, risklər kritik həddə çata bilər. Belə olan halda Rusiya birbaşa işğaldan çox, daxili destabilizasiya, enerji asılılığı, miqrasiya böhranı və dezinformasiya alətlərinə üstünlük verəcək”.

Avropanın gecikmiş dərki

“Avropa uzun müddət öz təhlükəsizliyini ABŞ-a ‘etibar edib’. İndi isə Almaniya başda olmaqla, bir çox ölkələr müdafiə xərclərini kəskin artırmaq məcburiyyətində qalıb. Alman Bundestaqının hərbi sahəyə on milyardlarla avro ayırması, Fransa və Polşanın ordunu genişləndirməsi, Skandinaviya ölkələrinin NATO daxilində fəallaşması göstərir ki, qitə artıq ‘strateji muxtariyyətin’ vacibliyini dərk edir.

Polşa Baş nazirinin çağırışı bir növ xəbərdarlıqdır:

Ukraynaya ayrılan vəsait xeyriyyə yardımı deyil, Avropanın öz gələcək təhlükəsizliyinə qoyduğu sərmayədir. Rusiya bu gün Ukraynada dayandırılmazsa, sabah ödəniləcək bədəl qat-qat ağır olacaq. Avropa üçün əsas sual budur: İndi investisiya etmək, yoxsa gələcəkdə qanla ödəmək? Bu seçim artıq nəzəri deyil, tarixi zərurətdir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa