“Qaçqın yeyir, köçkün talayır” DEYƏNLƏRƏ: Bəs mən kiməm, yadplanetli? – Səxavət Məmməd yazır
İki gün əvvəl şəxsən tanıdığım biri səhifələrdən birinə məcburi köçkünlərlə bağlı rəy yazmışdı. Rəyi təxminən belə idi, camaatın evinə giriblər, həyasızlıq edib çıxmırlar, dövlət bunlara hər şey verib, torpaqları da işğaldan azad olunub, gedib öz dədə-baba torpaqlarına yaşamaq istəmirlər. Zəng elədim, dedim, çox murdar adamsan. Dedi, niyə elə deyirsən, sənə nə etmişəm? Dedim, sən o evə girən məcburi köçkünü tanıyırsan? Dedi, yox, səs yazısına qulaq asmışam. Dedim, məni illərdir tanıyırsan, bu dövlətdən məcburi köçküün kimi, jurnalist kimi hər nə isə istədiyimi görüb, eşidib, hiss etmisən? Dedi, yox. Dedim, bax elə buna görə murdarsan.
Tanıdığın adam və yaxşı saydığın üzərindən fikir bildirmirsənsə, tanımadığın biri üzərindən fikir bildirirsənsə, bu murdarlıqdır. Adamın üstündə Allah var, gedib rəyimi silmişdi. Mənə onun rəy silməyi önəmli deyildi, sadəcə adamını tanımaq önəmli idi. İnsan, əgər yaxşılardan yox, pislərdən danışmağa başlayırsa, bu, onun xislətini ortaya qoyur. Xislətdə fahişəlik varsa, məsələ bitmiş sayılır.
Baxıram, xeyli sayda insan qarabağlılara qarşı bu dalğaya görə polisə, prokurorluğa müraciət edirlər. Bu da yanlışdır. Müraciət yanlış deyil, müraciətin mahiyyəti yanlışdır. Səbəbləri həll etmək üçün yox, nəticələrlə əlləşmək yanlışdır. Hesab edək ki, dövlət bu məsələyə baxır, bir neçə nəfəri cəzalandırır. Bu məsələ bitmiş hesab olunur? Bu problemin həlli deyil, bu xətanın sovuşdurulmasıdır.
Problemin həlli üçün dövlətə müraciət etmək lazımdır ki, vaxtında zəif idin, məcburi köçkünləri yerləşdirə bilmirdin. Müəyyən sayda, təxmini hesablamalara görə minə yaxın ailə kiminsə evinə, mülkünə girib və orada yaşayır. Artıq güclənmisən, suverenliyini bərpa etmisən, Qafqazın lider dövlətisən, yerlə, göylə əlləşirsən, Qarabağı tikirsən, insanları evlərinə köçürürsən. Minə yaxın ailə başqa birinin mülkində yaşayır. Konstitusiyada açıq şəkildə yazılıb, mülkiyyət toxunulmazdır! Mülkiyyəti ələ keçirilmiş insanların problemini həll etmək lazımdır. Bu həmin evlərdə yaşayan ailələrin köçürülməsi ilə də həll olmuş sayılmaz. Niyə? Çünki ədalətsiz yanaşma olacaq. 30 ildən çox bir insan, əgər öz mülkinə girə bilmirsə, istifadə edə bilmirsə, ona kompensasiya ödənilməlidir. Yaxud, Bakı şəhər İcra Hakimiyyətinin balansında 15 mindən çox mənzil var. Həmin zərər çəkmiş insanlara ev verib, onların könlünü almaq lazımdır. Ədalətli yanaşma budur, yoxsa bir neçə nəfərin cəzalanması, əksinə, aqresiyyanı bir qədər də artıracaq, gələcəkdə nə vaxtsa belə bir problem yenidən çıxacaqsa, – hansı ki, çıxacaq – onda həmin adamlar daha ağır formada danışacaqlar, davranacaqlar.
Bilirəm, yenə hansısa “şəngülüm” çıxıb deyəcək ki, hər şeyi yıxırlar dövlətin üstünə, başqa biri də “dövlətin daha böyük işləri var, imkan vermirlər, dövlət o işlərlə məşğul olsun” deyəcək. Bu tip adamlar dövlətin nə olduğnunu bilmir, dövlət anlayışından bixəbərdir. Bu problemin səbəbkarı kimdir? Dövlət. Niyə? Çünki zəif idi, ordusu formalaşmamışdı, suverenliyini qoruya bilmədi, ərazisinin 20 faizini itirdi. Həmin dövlət gücləndi, ordusunu gücləndirdi, getdi suverenliyini bərpa etdi. Azərbaycan dövlətinin ABŞ ilə əlaqə qurmasının, Çinlə dostlaşmasının, Rusiya ilə sürtüşməsinin “Qaçqınkom”a, Nazirlər Kabinetinə və digər qurumlara dəxili var?! Hər qurumun özünə məxsus funksiyası mövcuddur.
Nə qədər bu məsələlərə reaksiya vermək istəməsəm də, adama istəsə də, istəməsə də təsir edir. Deyirlər, qaçqınların hərəsinin iki evi var, nə bilim, dövlətdən hər şey istəyirlər. Bunu deyəndə çönüb özümə baxıram, dərhal söyüşdən başqa ağlıma bir şey gəlmir. Bu günə qədər nə dövlətdən, nə də hansısa bir qurumdan ev istəməmişəm. Bu yaxınlarda Mətbuatın 150 illiyi ilə bağlı medal paylanıldı. Nəinki medal istəməmişəm, hətta demişəm ki, əgər zəng edib desələr, sizə medal vermək istəyirik, vəsiqənizi bizə göndərin, təşəkkür edib, istəmirəm, ehtiyacı olanlara verin deyəcəyəm.
44 günlük müharibə bitmişdi, dekabr ayı idi. Zahid dayı (Kəşfiyyatçı Zahid Əliyev Ağdam, Mərzili – red.) zəng elədi. Zahid dayı sağ, mən sağ. Rayonu, kəndi detalları ilə yazdım ki, ürəyində xal qalan gedib soruşsun. Dedi, Səxavət, korpus komandiri (Hikmət Həsənov – red.) mənə dedi ki, Səxavətin də şəxsiyyət vəsiqəsini al, çünki adam bir neçə gecə mənim postlarımda qalıb, ona “Fəxri fərman”, ya başqa nə isə verək. Dedim, Zahid dayı, mənə heç nə lazım deyil. Komandirə deyin, əgər mənə nə isə yazsa, sonra məndən inciməyin. Yeri gəlmişkən, 9 gecə postlarda olmuşdum. Səhər bilmirdim jurnalistəm, yoxsa hansısa yardımı harasa yönləndirən, gecə də alınanda posta duran. İki dəfə də yaralanmışdım. Yanından yel ötənlər az qala Vətən Müharibəsi Qəhrəmanı medalı istəsinlər. Tanıdığım biri var, birinci müharibədə 3 ədəd foto çəkdiyi üçün veterandır. Yaraları qeydiyyata saldırmadım ki, ayıbdır. Ötən il eyni yerdən vətərlər qopdu, bir ay yataqdan qalxa bilmədim. Bunu ona görə yazıram ki, cızıq deyildi. Bir neçə jurnalist dedi ki, düş qabağa, jurnalistlərə də veteranlıq tələb edək. Dedim, mənlik deyil. Müharibə ilə bağlı kitab yazdım. Çapını da dədəmin puluna etdirdim.
Bunları ona görə yazıram ki, deyirsiniz, məcburi köçkünlər dövləti yeyir, dağıdır, çapır, talayır. Mən nəyəm, yadplanetliyəm? Demirəm, mənə görə ümumiləşdirməyin, ancaq bir fərdə görə, hamını damğalamaq sadəcə olaraq ayıbdır.