“Qanunvericilikdə müəyyən əlavələr edilməlidir”
İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov gənclər və İctimai Birliklər haqqında danışıb:
Gənclər niyə İctimai Birliklərə qoşulmalıdırlar?
– Məlum olduğu kimi, gənclik daim yenilik, kreativlik axtarışındadır. Bu gün Azərbaycan cəmiyyətində minlərlə gənc var ki, onların yeni ideyaları, bacarıqları mövcuddur. Lakin gənc hər zaman bu ideyaları həyata keçirə bilmir. Bəzən bunun üçün resurs çatışmamazlığı, bəzən isə sadəcə olaraq stimul yaranmır. Bir çox hallarda isə yaranan ideya tam təkmil olmadığı üçün gənc onu təkbaşına həyata keçirə bilmir. Məhz İctimai Birliklər ona görə yaranır ki, gənclər bura öz bacarıqlarını ortaya qoya bilsinlər. İctimai Birliklərdə gənclər üçün müxtəlif resurslar, stimul və komanda ilə işləmək üçün imkanlar yaranır. Gənc hər hansı bir ideyasına qovuşmaq, onu cəmiyyətdə tətbiq etmək istədikdə buna həm maliyyə, həm də əlavə qüvvə lazımdır. Düzdür hazırda Azərbaycan Gənclər Fondu fərdi layihələrə maliyyə dəstəyi verir. Gənclər müstəqil olaraq layihələr həyata keçirə bilirlər. Lakin burada bir incə məqam var. Belə ki, gənc layihəsini həyata keçirtmək üçün əlavə vaxt sərf etməli, ətrafına layihədə iştirak edəcək digər gənclər toplamalı və s. Amma bütün bunlar İctimai Birliklərdə hazır olur. Qısacası gənclər öz istəklərinə daha qısa yoldan çata bilirlər. Bu həmçinin əlavə vaxt itgisinin qarşısını alır. Məsələn, bir gənc təkbaşına bir layihəni bir neçə aya həyata keçirirsə, İctimai Birlikdə buna daha az vaxt sərf olunur. Nəticədə daha çox fayda verə biləcək ideyalar ortaya qoyulur. Həmçinin gənclərin əlavə dəstək baxımından çətinliyi olmur. Ola bilər ki, gəncin yaxşı bir layihəsi var ki, xaricdə ölkəmizi tanıtmaq istiqamətindədir. Lakin gənc xarici dili yaxşı bilmir, onun xaricə çıxış imkanları məhduddur. Amma İctimai Birliklərdə digər gənclər var ki, çox gözəl dil bilgilərinə malikdirlər. Həmçinin əksər gənclər təşkilatlarının xaricə çıxışı mövcuddur. Bu da gənclərə əlavə imkanlar yaradır.
Bəs İctimai Birliklər gəncləri cəlb etmək üçün nə etməlidirlər?
-İlk növbədə ortaya qoyulan hər bir layihə gənclərin mənafeyinə xidmət etməlidir. Bundan başqa daha çox regionlarda tədbirlər keçirmək lazımdır. Çünki regionlarda elə gənclər var ki, onlar sadəcə olaraq çox güclü ideya generatorlarıdır. Amma onların çıxış imkanları yoxdur. Regionlarda bu cür gəncləri aşkara çıxartmaq və cəlb etmək lazımdır. Eyni zamanda gənclər təşkilatları və İctimai Birliklər fəal gənclər üçün açıq olmalıdır. Ola bilər ki, gənc bir neçə dəfə o qədər də uğurlu olmayan layihə ilə çıxış etdi. Bunu dəyərləndirməyib bir kənara qoysaq o zaman həmin gəncin digər potensiallarını da məhv etmiş olarıq. Kiçik stimullar verməklə həmin gənci həvəsləndirmək və onun əsl bacarığını üzə çıxartmaq lazımdır.
Eyni zamanda gənclər üçün keçirilən layihələr onlar üçün təkan rolunu oynamalıdır. Gənclər gələcək fəaliyyətlərində İctimai Birliklərdə qazandıqları bacarıqlarla yanaşı əldə etdikləri nəaliyyətləri növbəti mərhələdə istifadə edə bilməlidirlər. Məsələn, gənclərə layihələrin sonunda təqdim olunan diplom və sertifikatlar onların gələcək iş fəaliyyətində nəzərə alınmalıdır. Deyək ki, gənc 7 il könüllü olaraq fəaliyyət göstərib. Onun kifayət qədər iş təcrübəsi olsa də əmək kitabçası yoxdur. O hər hansı işə götürüləndə “Əmək kitabçasından” daha çox onun təcrübəsi nəzərə alınmalıdır. Bunun üçün yəqin ki, Qanunvericilikdə müəyyən əlavələr edilməlidir.