!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qara qızıl”ın qiyməti 40 dollaradək enə bilər - Ekspert şərhi

!Reklam – Yazi

Son zamanlar neftin qiymətində enmələr müşahidə olunur.

Yeniçağ.az Oilgas.az -a istinadən xəbər verir ki, hazırda bir barrel “qara qızıl”ın qiyməti 47-48 dollar arasındadır. Halbuki yanvardan üzü bəri OPEK və digər neft istehsal edən ölkələr gündəlik neft hasilatının azaldılması barədə razılığa gəlmişdilər. Həmin vaxtdan etibarən bu yaxınlara qədər neftin qiymətində yüksəlmələr müşahidə edilirdi. “Qara qızıl” hətta 58 dollaradək yüksəlmişdi. Lakin indi neftin qiymətində yenidən enmələr baş qaldırıb.

Görəsən neftin qiymətində baş qaldıran enmə nə ilə bağlıdır? Qiymətin daha da aşağı enməsi gözləniləndirmi?

Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev OilGas.az-a açıqlamasında bildirdi ki, yaxın dövrlər üçün neftin qiymətində ancaq ucuzlaşmalar baş verəcək: “Neftin qiymətinin düşməsi bir neçə səbəblə bağlıdır. Səbəblərdən biri OPEK-in 2016-cı ildə hasilah həcmini azaltmaqla bağlı Vyana paktının effektiv işləməməsindən qaynaqlanır. Kommersiya ehtiyatlarında azalmanın müşahidə edilməməsi, ABŞ-da durmadan qazma aktivliyinin artması və bu ölkənin şist neft yataqlarında hasilat həcminin çoxalması da sonda gətirib neftin artan qiymətinin yenidən düşməsinə səbəb olub. Məhz bu 4 səbəb OPEK və ondan kənar neft dövlətlərinin Vyana sazişinin effektivliyini təhdid altına alıb. Ona görə də yaxın vaxtlarda dünya bazarında neftin qiymətində yüksəlməyə doğru hər hansı sıçrayışın olacağı mümkünsüzdür. Bu fonda gündəlik hasilatı azaltmaqla bağlı qərar qəbul edən ölkələrin özləri də sözügedən sazişin effektiv fəaliyyət göstərmədiyini etiraf etməli oldular. Mayın 25-də keçiriləcək Vyana toplantısında keçən il imzalanan Vyana paktının icra müddətini daha 6 ay uzatmaq niyyətindədirlər. Amma fikrimcə, bunun özü də beynəlxalq bazarda tarazlığın bərpa olunmasına müsbət təsir göstərməyəcək.

Müşahidələr onu deməyə əsas verir ki, hazırda dünya üzrə rezervlərdə kifayət qədər, 5 milyard barreldən çox neft həcmləri var. Ötən müddətdə neft rezervləri nəinki azalmayıb, hətta 270 milyon barreldən bir qədər çox artıb. Elə bu rəqəmin özü neftin qiymətini təhdid altına alan əsas şərtlərdən biridir. Vyana sazişini imzalayan dövlətlər sutkalıq hasilat həcmini aşağı salsalar da, ixrac həcmlərini heç də endirmədilər. Neftin qiymətinin düşməsinə əsas zərbəni də məhz bu faktor vurdu. Heç bir dövlət malik olduğu müştəri bazarını əldən vermək fikrində deyil. Rusiya noyabrda sutkalıq hasilatı 11,2 milyon barrel civarına çatdırmışdı. Amma Moskva, eyni zamanda Səudiyyə Ərəbistanı ixrac həcmlərində endirimlərə getmədilər. İnvestorlar qarşıdakı aylarda neftin qiymətinin 50 dollardan aşağı düşəcəyini əvvəlcədən bildiklərinə görə, əllərində olan uzun dövrlü kontraktların sürətli satışını təşkil etdilər. Bu da onu deməyə əsas verir ki, neftin qiyməti qarşıdakı aylarda ola bilsin 40 dollar səviyyəsinə düşsün. Burada da indikator rolunu ABŞ oynayır. Bu ölkədə 1 ildən artıqdır ki, qazma aktivliyi müşahidə olunur və həmin aktivlik qarşıdakı aylarda da davam edəcək. 2015-ci ildən bu tərəfə ABŞ-da hasil olunan neftin maya dəyəri aşağı düşüb, bu səbəbdən qazma effektivliyini artırıblar. Ona görə də mövcud qiymətlər səviyyəsində onların hasil etdiyi neft rentabellidir. Hər həftə ABŞ-da sutkalıq neft hasilatında müəyyən artımlar baş verir. Belədə ilin sonuna kimi ABŞ-da sutkalıq neft hasilatı 9,4 milyon barrel civarına yaxınlaşacaq. ABŞ-da sutkalıq hasilat həcminin artması ilə isə idxal həcmi də azalır. Bu fonda da ABŞ-a yönələn neft tankerləri trayektoriyanı dəyişməyə məcburdurlar. Belədə özlərinə yeni bazar tapmalıdırlar ki, indilikdə bu bazar da yoxdur. Belədə həmin neft rezervlərə daxil olur və rezervin həcmi daha da artır. Nəticədə yaxın aylarda biz neftin qiymətində ancaq ucuzlaşmaların baş verəcəyini görəcəyik”.

Yeniçağ.az

www.yenicag.az

790
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv