“Qara Yanvar” bizim üçün də qara bir gündür”
Türkiyəli millət vəkili Necdət Ünüvar Azərbaycan xalqına 20 Yanvar faciəsi ilə bağlı baş sağlığı məktubu göndərib. Türkiyənin ölkəmizdəki səfirliyindən verilən xəbərə görə, məktubda bildirilir ki, 20 Yanvar 1990 –cı il Türk dünyasının yaşamış olduğu ən acı günlərdən biridir:
“Azərbaycanlı qardaşlarımızın dediyi kimi, “Qara Yanvar” bizim üçün də qara bir gündür. 13 yanvar 1990-cı ildə başlayan Bakı qırğınını dayandırmaq iddiası ilə 20 yanvar 1990-cı ildə Bakıya girən Sovet ordusu xüsusilə bütün xalqın yuxuda olduğu soyuq bir gecə seçərək, xalqın ən zəif anından istifadə edərək 143 nəfəri amansızlıqla qətlə yetirib. Sovet Ordusunun sərt müdaxiləsi Azərbaycan xalqında böyük reaksiyalara səbəb oldu”.
Məktubda qeyd olunur ki, bu hadisələrdən sonra çox vaxt keçmədən Azərbaycan dövləti haqq etmiş olduğu müstəqilliyi yenidən qazanıb: “20 Yanvar Hüzn günü zalımlar tərəfindən edilmiş bir zülmdür və biz zülmü kim edirsə etsin, onun əleyhinəyik və hər kim olursa olsun zülmə məruz qalan məzlumların da yanında yer alırıq və almağa da davam edəcəyik. Biz Azərbaycan ilə bir millət iki dövlət olaraq bu acıları həmişə birlikdə yaşamışıq, yanaşı üzülmüşük. 20 Yanvar Hüzn Günündə bütün Azərbaycan və Türk millətinin başı sağ olsun deyirəm, bu qətliamda həyatlarını itirən qardaşlarımıza da bir daha uca Allahdan rəhmət diləyir, salam və hörmətlərimi bildirirəm”(azadinform).