“Europa-Park” stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.
Yenicag.az xəbər verir ki, daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə “Frayburq”u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla “köhlən atlar”ı növbəti dəfə mərkəzə dəvət edib.
Start həyəcanını boğa bilməyən “köhlən atlar” buraxılan 2-ci qoldan sonra tədricən özünə gəlməyə başlayıb. Hissənin ortalarına doğru təşəbbüsü ələ alan Azərbaycan çempionu bunun məntiqi nəticəsi kimi 22-ci dəqiqədə Qara Qarayev, 33-cü dəqiqədə isə Abdullah Zubirlə rəqibə təhlükəli anlar yaşadıb. Lakin hər iki oyunçunun zərbəsi hədəfdən yayınıb. “Qarabağ” 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.
Ağdam təmsilçisi ikinci hissəni isə demək olar ki, hücumda keçirib. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qalsa da, baş hakim penalti təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib.
*** 01:02
Almaniyada “Frayburq” və “Qarabağ” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.
Yenicag.az xəbər verir ki, “köhlən atların” heyətində Marko Veşoviç 39-cu dəqiqədə fərqi 1 topa endirib.
Meydan sahibləri hazırda 2:1 hesabı ilə öndədir.
*** 23:46
“Frayburq” ikinci dəfə “Qarabağ”ın qapısına yol tapır. Doan 15-ci dəqiqədə fərqlənir.
*** 23:17
Maçt başladı.
“Frayburq” hesabı açır.
Qrifo 7-ci dəqiqədə penaltidən fərqlənir.
*** 22:59
Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.
Yenicag.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ilk matçını səfərdə keçirəcək.
G qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası Almaniyada “Frayburq”un qonağı olacaq. “Volfsvinkel” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.
Qeyd edək ki, qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.
Avropa Liqası
I tur, G qrupu
8 sentyabr
23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu
www.yenicag.az