Qarabağ zəfərinin ümmətdə OYATDIĞI RUH - Aqil Ələsgər məscidləri işğaldan qurtaran ali baş komandana Kəbədə edilən DUALARDAN YAZDI

media-hightechnic-468x90

Müqəddəs torpaqlar dedikdə, ağıla gələn üç şəhərdən ikisidir Məkkə ilə Mədinə. Hər bir müsəlmanın həsrətində olduğu torpaqlardır.

Azərbaycandan havalanan və Peygəmbər şəhəri Mədinəyə enən təyyarə yerə endikdən sonra gördüyümüz mənzərə çox həyəcanlıydı. Təkcə ilk dəfə Mədinəyə gedənlər deyil, sırf müqəddəs torpaqlar üçün təyyarəyə minməyi sınaqdan keçirənlər də vardı. İnsanların həyəcanı üzlərindən oxunurdu. Həsrət bitmişdi və insanlar sevgili Peyğəmbərlərinin ayaq basdığı o torpaqlardaydılar.

media-img_0179

Və nəhayət Məscidi-Nəbəviyə addım atdıq…

Təxminən bir milyon insanın eyni anda namaz qıldığı o müqəddəs məsciddə namaz qılmaq səadətini yaşadıq. Və eyni səfdə bəlkə onlarla ayrı millətdən olan insan qardaşcasına ibadət edir. Türk, malaziyalı, özbək, azərbaycanlı, cəzairli, rus, tatar, fələstinli, avropalı, afrikalı, amerikalı bir arada Allaha dua edir, Allahdan diləyir diləyini… Namazda eyni dil olsa da, hərə qəlbində öz ana dilində edir duasını…

media-img_0182

Müsəlmanlığın İndoneziya modeli…

Mədinədə olarkən indoneziyalı zəvvarların çoxluğu diqqətimi çəkdi və onların İslamla tanışlığı məni daha da təəccübləndirdi. Belə ki, İndoneziyanın islamlaşması əsasən ticarət və təbliğ yolu ilə olub, hərbi fəthlə deyil. VII–VIII əsrlərdən etibarən müsəlman tacirlər Malakka boğazı və Cava-Sumatra limanlarına gəlib, həm ticarətlə məşğul olub, həm də gözəl əxlaqlarıyla, dürüstlükləriylə İslamı tanıdıblar. Sonradan yaranan müsəlman liman şəhər-dövlətləri (xüsusən Samudra-Pasai, daha sonra Mələkə və s.) yerli hökmdarların İslamı qəbul etməsi ilə nümunə olub. Yəni indoneziyalılar İslamı bizim kimi qılıncla deyil, müsəlman tacirlərin dürüst əxlaqını sevərək, qəbul ediblər. Bəlkə də ondandır ki, islama sarılmaları da daha səmimi gəldi mənə…

media-img_0180

 

Mədinədən Məkkəyə uzanan ümrə yolu…

İstər Mədinədə, istərsə də Məkkədə bir zəvvar seli vardı. Halbuki bizim ziyarət tarihimiz çox da zəvvarın olmadığı dövrə təsadüf etmişdi. Mədinə Həzrəti Məhəmməd Peygəmbərin məkanı, Məkkə Beytullahın olduğu bölgə olduğu üçün müsəlmanlar üçün dəyərlidir. Mədinədən ayrılarkən, sanki Məhəmməd Peyğəmbərdən ayrılırmış kimi hiss düşür adamın içinə. Ancaq Mədinədən başqa bir yerə deyil, Məkkəyə səfər insanın içini işidir. Çünkü orada səni Beytullah-Kəbə gözləyir.

media-img_0181

 

Kəbədə tavaf edən insanlar…

Ehram həm də kəfəni xatırladır insana… Allah’ın hüzurunda iki parçadan ibarət bir ehram var. Varlı, kasıb, yaşlı, cavan hər kəs eyni geyinib və hər kəs öz daxili dünyasını yaşaya-yaşaya tavaf edir. Kiminin gözü yaşlı, kimisinin ağzı dualı… Səssiz-səsli yürüyür insanlar… Və Kəbədə dünyanın ən hündür saat qülləsi olsa da, sakit bir saatı yoxdur. 24 saatın hansı anında getsən, eyni qələbəlik, eyni insan seli… Cümə günü işə bir başqadır Məscidül Haram… Küçələr dolub-daşır… Mədinədəki zəvvarın beş misli var burada… Cümə günü küçələr Məscidül-Haramdan gələn imam səsiylə oturub, qalxır, səcdəyə gedir…

media-img_0178

Azərbaycan vətəndaşı olduğun üçün fəxr etdiyin anlar…

Müqəddəs torpaqları addım-addım ziyarət edərkən, bir məsələ diqqətimi çəkdi. Səyahəti sevən biri olarak, digər körfəz ölkələrinə səfərlərimlə müqayisə edirəm. Azərbaycanı tanımaları, nəinki Azərbaycanı tanımaq, Bakını, Qarabağı bilmələri, ölkə başçımızın adını çəkərək, dua etmələri… İllər öncə körfəz ölkələrini ziyarət edərkən qarşılaşdığım mənzərə bu deyildi. Bir çoxu Azərbaycanın adını belə bilmirdilər. Ancaq Məkkə və Mədinədə təkcə yerlilər deyil, bərabər namaz qıldığımız zəvvarların da çoxu Azərbaycan adını eşidər-eşitməz. Qarabağın adını çəkərək, prezident İlham Əliyevin bir komandan kimi zəfər qazanmasından danışmaları, “Allahu Əkbər” deyərək, zəfərimizin müsəlmanları necə sevindirməsini görmək ayrı bir hiss idi. Görünən odur ki, 44 günlük Vətən Müharibəsi və sonrasındakı zəfər təkcə Azərbaycanı deyil, İslam dünyasını sevindirib. Və müqəddəs torpaqlarda sadəcə biz deyil, Azərbaycan adını eşidən dünyanın fərqli ölkələrindən olan müsəlmanların müzəffər ali baş komandanımıza məscidləri əsarətdən qurtardığı üçün dua etmələrini eşitmək sözlə təsəvvür edilməyəcək qədər ayrı bir həyəcandır.

media-img_4925

 

Yerli ərəblərin Azərbaycan adını eşidər-eşitməz ölkəmizi tanımaları əslində həm də iki ölkənin arasındakı dostluq-qardaşlıq əlaqəsinin göstəricidir. Azərbaycan müstəqillik qazanandan sonra təməli Ulu Öndər Heydər Əliyevlə iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə kralı Fahd bin Əbdüləziz Al Saudun qoyduğu dostluq əlaqələri İlham Əliyev-Kral Salman bin Əbdüləziz dövründə ən üst səviyyəyə yüksəlib. Dostluq əlaqələrinin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud tərəfindən də qorunduğu ikili məktublaşmalardan görmək olur. İkitərəfli əlaqələrin diplomatik tərəfini çox ölkədə görmək olar. Diplomatların qarşı tərəfə jestləri təəccüblü deyil. Dostluq əlaqələrinin xalq nəzdinə enməsi, Azərbaycan adı gələndə məsciddə və ya küçədə insanların sənə ayrı bir sevgi ilə yanaşmaları, sənin Ali Baş Komandanını “fateh”, “Səlahəddin” adlandırıb, Qarabağı yenidən İslam torpağı etdiyi üçün dua etmələrinə şahidlik etmək ayrı bir hissdir. Bu həm də Azərbaycanın illərdən bəri ərəb ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə qurduğu düzgün xarici siyasətin nəticəsidir.

media-kaabah

Son əvəzi…

Hər səfərin sonu olur və bəlkə də bitməsini istəmədiyimiz bir səfərdi Ümrə ziyarəti… İbadətdən və duadan başqa heç nəyin yada düşmədiyi, gördüyün hər şeyin səni Allaha çağıran bir səfər… Gedərkən, “Stark Travel”in əməkdaşları bizə “Ümrə səfəri səbrin imtahanıdır” deyərək, bu uzun yolçuluqda səbrli olmağı tövsiyyə etmişdilər. Ancaq yenə o əməkdaşlar işlərini elə möhtəşəm qurmuşdular ki, diqqətimiz ibadətdən qeyri nəyəsə yönəlmədi. Və Ümrə üçün səbr etmək yerinə yenidən o müqəddəs torpaqlarda səcdəyə getmək üçün darıxırıq.

İlk vəhyin gəldiyi Nur dağından islamın ilk məscidi Qubaya, Uhuddan Ərəfata hər daşı, hər torpağı qiymətli olan müqəddəs torpaqları bir daha görmək hansımıza qismət olacaq, Allah bilir. Məscidi Nəbəvidən Məscidül Harama uzanan ibadət yolunda hansımız addımlayacağıq, Uca Rəbbimiz bilir. Bildiyim tək şey nə qədər getsək də, Beytullahı canlı görən gözlərdə hər zaman həsrət pərdəsi olacaq…

Aqil Ələsgər
Aqil Ələsgər

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa