Qarabağa və Şərqi Zəngəzurda sahibkarların fəaliyyəti genişlənir - RƏY
“Sahibkarların fəaliyyətinin artması həm məşğulluğun təmin olunması, həm istehsalın artması, həm də iqtisadiyyatın daha da inkişaf etməsi deməkdir. Ona görə də, bu gün Qarabağda və Şərqi Zəngəzurda görülən bütün işlər dövlət proqramına uyğun şəkildə sistemli olaraq həyata keçirilir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O bildirib ki, indi həm Şərqi Zəngəzura, həm də Qarabağa yönəldilən hər bir təşəbbüs və yatırım çox yaxın müddətdə ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verəcək, edilən yatırımlardan daha çoxu geri qayıdacaq:
“Çünki həmin bölgələrin böyük iqtisadi potensialı var. İstər şəhərsalma, istər turizm, istərsə də sənayenin bir çox sahələri ilə bağlı imkanlar mövcuddur. Artıq bu potensialın da inkişaf etdirilməsi üçün sənaye məhəllələrinin və sənaye zonalarının yaradılması kimi mühüm layihələr həyata keçirilir.
Bu sənaye zonalarında fəaliyyət göstərəcək sahibkarları həvəsləndirmək və daha çox investisiyanı cəlb etmək məqsədilə vergi güzəştləri tətbiq olunur. Məsələn, yaxın günlərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xərclərin ödənilməsi zamanı güzəştlər veriləcək. Yəni işıq, qaz, su və digər kommunal xidmətlər üçün ödənilən məbləğin 20 faizi sahibkara geri qaytarılacaq”.
Aydın Hüseynov qeyd edib ki, belə addım ilk növbədə sahibkarlara dəstək deməkdir, eyni zamanda investisiya müddətini genişləndirir:
“Sahibkarların fəaliyyətinin artması həm məşğulluğun təmin olunması, həm istehsalın artması, həm də iqtisadiyyatın daha da inkişaf etməsi deməkdir. Ona görə də, bu gün Qarabağda və Şərqi Zəngəzurda görülən bütün işlər dövlət proqramına uyğun şəkildə sistemli olaraq həyata keçirilir.
Əlavə olaraq Prezident İlham Əliyevin bu işlərə xüsusi diqqət yetirməsi, bölgəyə mütəmadi səfərləri və yerində görülən işlərlə tanış olması da əməkdaşların ruh yüksəkliyinə müsbət təsir göstərir. Həmçinin, Prezidentin hər səfərindən sonra yeni layihələrin icrası ilə bağlı tapşırıqların verilməsi də bölgənin sürətli inkişafına xidmət edir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












