“Böyük ehtimalla Qarabağda müəyyən qarşıdurmalar, yaxud onun daha sərt forması olan antiterror əməliyyatları həyata keçirilə bilər”.
Bu sözləri Qarabağda Azərbaycan tərəfinin davam etdirdiyi aksiya, erməni tərəfinin cavab mitinqləri və rəsmi Bakının atmalı olduğu addımları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynli bildirib ki, böyük güclər bölgədə yeni qarşıdurma istəyirlər:
“Xankəndində keçirilən dünənki mitinq göstərdi ki, bu, Ruben Vardanyanın, Arayik Arutyunyanın çalışmalarının nəticəsi deyil. Onların arxasında böyük güclər, Fransa, Rusiya və guya Qarabağ problemindən əl çəkmiş kimi görünən Ermənistan dayanır.
Beynəlxalq təşkilatların bəziləri, xüsusilə də BMT çox prinsipsiz mövqe sərgiləyir, hadisələrin məğzinə varmadan Azərbaycanı qınayan tövsiyələr şəklində qərarlar verir. Dünya hədsiz subyektiv olub, beynəlxalq təşkilatlar da onun kimi.
Azərbaycanın oradakı nümayəndəsinin və eləcə də diplomatik idarənin izahatlarına hələki əhəmiyyət verən yoxdur. Belə görünür ki, yenidən qarşıdurmaya cəlb etməyə, yaxud Azərbaycanı təkləməyə çalışırlar. Azərbaycan Prezidenti bugünlərdə çıxışında qəti surətdə bildirdi ki, bu məsələdə güzəşt, geriyə çəkilmə olmayacaq. Niyə də olmalıdır?!
Biz öz suveren ərazilərimizdə mübarizə aparırıq, suverənliyimizi bu ərazilərə yaymaq istəyirik. Etdiyimiz hərəkətlər də tam sivildir. Əliyalın insanlar, ictimaiyyət nümayəndələri Azərbaycanın sərvətlərinin daşınmasına, yağmalanmasına, əraziyə silahlı dəstələrin gətirilməsinə, silah daşınmasına qarşı çıxırlar. Üstəlik də bu sahədə əlimizdə kifayət qədər material var.
Azərbaycan əvvəlki dövlət deyil. Qalib, ərazilərinin bütövlüyünü təmin etməyə qadir olan dövlətdir. Böyük ehtimalla, müəyyən qarşıdurmalar, yaxud onun daha sərt forması olan antiterror əməliyyatları həyata keçirilə bilər. Çünki Xankəndidən separatçıları, Ruben Vardanyanın, Arayik Arutyunyanın başına toplaşmış terrorçuları uzaqlaşdırmadan müəyyən nəticələrə gəlmək çətin olacaq”.
Səxavət Məmməd
www.yenicag.az