“Qarabağa qayıdan sakinlərin dövlət mülkiyyətində olan torpaqlardan istifadə etməsi üçün lazımi tədbirlər görüləcək”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
İşğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafa yönəlik atılan addımlardan danışan deputat söyləyib ki, hazırda bu istiqamətdə davamlı olaraq müvafiq işlər aparılır:
“Mövcud vəziyyətdə işğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlər görülür. Bununla yanaşı, infrastruktur layihələri həyata keçirilir. Hələ sovetlər dövründə sözügedən ərazilər respublikanın yerli məhsullarının təxminən 10-12 faizini, bəzi sahələrdə isə 25-28 faizini təşkil edirdi. Ərazilərimizin uzun illər işğal altında qalması fonunda torpaqlar yetərincə əkilib-becərilməyib və müəyyən infrastrukturlar dağıdılıb. Həmin ərazilərdə olan kanallar, göllər, çaylar və kənd təsərrüfatı üçün lazım olan digər sahələr bərbad hala salınıb. Hazırda həmin ərazilər minalardan təmizlənir. Bu, torpaqların yararlı hala salınması üçün vacibdir”.
T.Rzayev vurğulayıb ki, bu gün Laçına, Füzuliyə, Zəngilana qayıdan insanların məşğulluq məsələləri də həll olunub və vətəndaşlar müxtəlif istiqamətlər üzrə işlərə cəlb olunublar:
“İşğaldan azad olunmuş ərazilər yüksək kənd təsərrüfatı potensialına malikdir. Bu ərazilərdə pambıqçılığın, taxılçılığın, üzümçülüyün, heyvandarlığın, tütünçülüyün inkişaf etdirilməsi və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişli şərait var. Ötən il məlum ərazilərdə 72 min hektarda dənli bitkilər, taxıl, arpa, çuğundur, qarğıdalı, noxud və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Kəlbəcərə və digər dağlıq ərazilərə mal-qaranın qaldırılması isə ölkənin aqrar sektoruna xeyli dərəcədə fayda verib. Eyni zamanda minalardan təmizlənən ərazilər əkin dövriyyəsinə daxil edilir”.
Pay torpaqları məsələsinə də toxunan deputat hesab edir ki, bu, gələcəkdə qanunvericiliyin tələblərinə əsasən həyata keçiriləcək. Hər bir rayonun ərazisindən təbii şəraitə və əhalinin sayına uyğun pay torpaqlar ayrılacaq.
www.yenicag.az