“Qarşımızda çox məkrli bir düşmən dayanır” – İrəvan sülh bəyanatları fonunda NİYƏ SİLAHLANIR?
“Bölgədə silahlanmanın artması, separatizmin, hətta terrorizmin güclənməsi fonunda Ermənistana hüquqi və siyasi məsuliyyət daşıyan tərəf kimi yanaşmalıyıq”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Ermənistanla Azərbaycan arasında yenidən müharibə olmayacaq” bəyanatına münasibət bildirib.
Deputat qeyd edib ki, Ermənistan tərəfindən qarşılaşdığımız faciələrdə, Azərbaycan xalqının öz ata-baba yurdlarından didərgin salınmasında və ümumilikdə bu proseslərin hər birində Ermənistanın və onun havadarlarının məkrli siyasəti əsas rol oynayıb:
“Torpaqlarımızın işğalı, həmçinin ümumi olaraq XX əsr boyunca və XXI əsrin ilk onilliklərində baş verən hadisələr onu deməyə əsas verir ki, qarşımızda yalan və böhtan üzərində qurulmuş, məkrli məqsədlər güdən bir düşmən dayanır. Onların guya “konstruktiv” adlandırdıqları bəyanatlar isə heç vaxt həqiqəti əks etdirmir. 44 günlük müharibəmizdən sonra Azərbaycan qələbə qazandı, Ermənistan isə kapitulyasiya aktına imza atdı. Buna baxmayaraq növbəti illərdə sülh müqaviləsini imzalamaqdan, eyni zamanda bu qələbənin hüquqi təminatlarını yerinə yetirməkdən boyun qaçırmağa başlaması bir daha onların əsl niyyətlərini üzə çıxarır”.
“Bölgədə silahlanmanın artması, separatizmin, hətta terrorizmin güclənməsi fonunda Ermənistana hüquqi və siyasi məsuliyyət daşıyan tərəf kimi yanaşmalıyıq. Belə bir şəraitdə Ermənistanın “müharibə olmayacaq”, “sülhə hazırıq” kimi bəyanatlar səsləndirməsi fonunda mütəmadi şəkildə silahlanması açıq şəkildə göstərir ki, qarşımızda çox məkrli bir düşmən dayanır. Prezident İlham Əliyevin dediyi kimi, biz bütün hallara hazır olmalıyıq. Qarşımızdakı düşmənin verdiyi vədlərə və beynəlxalq hüquqa riayət etmədiyini heç vaxt unutmamalıyıq”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli