Qaya Məmmədov etimadnaməsini Yens Stoltenberqə təqdim etdi

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov NATO-nun Mənzil Qərargahında öz etimadnaməsini alyansın Baş katibi Yens Stoltenberqə təqdim edib.

Bu barədə Yenicag.az-a Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən məlumat verilib.

Görüş zamanı nümayəndəliyin başçısı Q.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Baş katibə çatdırıb. Görüşdə Azərbaycan və NATO arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndəliyin başçısı Q.Məmmədov Azərbaycanın NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramında iştirakına böyük əhəmiyyət verdiyini bildirərək, ölkəmizin Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması sahəsində NATO ilə birgə səylərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Q.Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə sülh prosesi barədə məlumat verib, NATO-nun son Brüssel zirvə toplantısının yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə ifadə edilən dəstəyin və münaqişənin bu prinsiplər əsasında həllinə çağıran mövqeyinin təqdir edildiyini vurğulayıb.

NATO-nun Baş katibi Y.Stoltenberq öz növbəsində salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib və Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Baş katib Azərbaycanı alyansın etibarlı tərəfdaşı adlandırıb və Azərbaycan tərəfindən NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək əməliyyatına, eləcə də Əfqan ordusu üzrə Etimad Fonduna verilən töhfələrə görə təşəkkürünü bildirib.

COP29