Qəhrəman müəllimin həyat yoldaşından ürəkdağlayan sözlər: “Onunla qürur duyuram”
Kahramanmaraşda məktəbə edilən silahlı hücum zamanı öz canı bahasına şagirdlərini xilas edən riyaziyyat müəllimi Ayla Karanın dəfn mərasimi keçirilib. Qəhrəman müəllimin son mənzilə uğurlandığı Tekir məhəlləsində göz yaşları selə çevrilib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, qanlı hadisə zamanı şagirdlərini qorumaq üçün özünü güllələrin qarşısına atan Ayla müəllimin cənazəsi yaxınları tərəfindən Tibbi Ekspertizadan alınaraq doğulduğu kəndə gətirilib.
Vida mərasimində Türkiyənin Milli Təhsil naziri Yusuf Tekin də iştirak edib. Nazir qəhrəman müəllimin ailəsini bir an belə tək qoymayaraq onlara təsəlli verib. Mərasim boyu məktəblilərin və kənd sakinlərinin fəryadı ürəkləri dağlayıb.
Dəfn mərasimi zamanı halı pisləşən və təcili yardım briqadası tərəfindən müdaxilə edilən şəhid müəllimin həyat yoldaşı Ramazan Kara mətbuata sarsıdıcı açıqlama verib. O, həyat yoldaşı ilə bağlı yarım qalan arzularından danışarkən mərasim iştirakçılarını göz yaşlarına boğub:

“Onunla qürur duyuram. Heç hesabımızda belə bir faciə yox idi, amma böyük hayalları, arzuları vardı. Buranı çox sevərdi. Biz bura ev tikməyi planlaşdırırdıq, amma cənazəsi gəldi… Allah yar və yardımçısı olsun, onu şəhidlik mərtəbəsinə ucaltsın”.
Yenicag.az













