Qəhvəyi mərmər bağacığı: Təbii fəlakətə çevrilən səssiz təhlükə
Zaqatala, Balakən, Göygöl və digər bölgələrdə vəziyyət kritikdir. Qəhvəyi mərmər bağacığı kənd təsərrüfatını, ekosistemi və insanların gündəlik həyatını iflic edib.
Qış yaxınlaşdıqca bu iyrənc iyli, sürətlə çoxalan zərərverici evlərə dolur, pəncərə açmaq belə mümkün olmur. Qapı-pəncərələr torlu olsa belə, bağacığın istilası insanları bezdirib, kəndlərdə, şəhərlərdə insanlar carəsiz qalıb.
Bu, artıq lokal problem deyil, ekoloji miqyaslı təhlükəyə çevrilib. Rəsmi qurumlar hara baxır? Müvafiq qurumlar, bu sahəyə cavabdeh şəxslər, bu adlar vəzifə ilə, maaşla, strukturlarla mövcuddur. Amma nəticə haradadır? Zərərvericinin bu qədər geniş yayılmasına, illərdir kəndlərdə məhsul itkisinə, indi isə evlərə dolmasına baxmayaraq, ciddi tədbir görülmür.
Dezinfeksiya işləri formal xarakter daşıyır, yerli əhali “öz gücü ilə” sabunlu su, tozsoran, yapışqan lentlə mübarizə aparır. Bu isə dövlət səviyyəsində ekoloji təhlükəsizlik siyasətinin fiaskosudur.
Qəhvəyi mərmər bağacığı təkcə alma, armud, fındıq və qarğıdalı deyil, üzüm, nar, tərəvəz, hətta dekorativ ağacların da düşmənidir. Meyvələrin içini soraraq keyfiyyətini məhv edir, məhsuldarlığı 2–3 dəfə azaldır. Bir vaxtlar Gürcüstan fındıq ixracında üçüncü yerdə idi, bu həşəratın yayılması ilə dördüncü yerə düşdü.
Azərbaycan da bu təhlükə qarşısında eyni yoldadır. Region iqtisadiyyatının dayaqlarından olan fındıq bağları bu zərərvericinin birinci hədəflərindədir.
Azərbaycanda alimlər də illərdir xəbərdarlıq edirlər: Zoologiya İnstitutunun materiallarında qonşu ölkələrdə xüsusən Gürcüstanda fındıqda böyük itkilərdən sonra riskin bizim bağlar üçün də ciddi olduğu xatırladılır. Lakin xəbərdarlıqlar kabinetlərdə itib-batır, tədbir planları kağız üzərində qalır.
Ekoloji cəhətdən isə bağacıq təbii tarazlığı pozur. Yarpaqlarda açdığı dəliklər bitkilərin fotosintez qabiliyyətini zəiflədir, bu da torpaq mikroflorasına və bioloji müxtəlifliyə zərbə vurur. Nəticədə, bölgələrdə həm kənd təsərrüfatı, həm də təbii həyat sistemi sarsılır.
Bağacığın ifraz etdiyi kəskin, yanıq rezin və keşniş qoxusuna bənzər iy bir çox insanlarda allergiya yaradır. Uşaqlarda və allergik şəxslərdə tənəffüs çətinliyi, baş ağrısı, göz yanması kimi hallar qeydə alınır.
İndi bu zərərverici təkcə kənd təsərrüfatının deyil, insan sağlamlığının da düşməninə çevrilib.
Bəs bu qədər tədqiqat, xəbərdarlıq, beynəlxalq təcrübə ortada ikən niyə hələ də vahid mübarizə proqramı yoxdur?
Bu böcəyin bioloji və kimyəvi nəzarət mexanizmləri niyə tətbiq edilmir?
Əgər bu gün tədbir görülməzsə, sabah kəndlərdə məhsul, şəhərlərdə isə rahat nəfəs qalmayacaq.
Təbiəti kim qoruyacaq? İnsanı kim müdafiə edəcək?
Cavab gözləyən xalqdır. Vətəndaşlar isə bu dəqiqə öz evlərindəki “iyli işğalçıya” qarşı təkdirlər. Şimal-qərb zolağında vəziyyət “gözlə-görək” deyil, konkret icra tələb edir. Qurumlar “maarifləndirici posta” yox, real nəticələrə cavabdeh olmalıdırlar: neçə tələ asıldı, neçə ocaq məhv edildi, neçə təsərrüfatda zərər azaldı?
Vətəndaşın qapısına dolan “iyli işğalçı”ya qarşı mübarizədə səlahiyyətli qurumların gecikməsi həm məhsulu, həm də insanın rahatlığını itkiyə atır. Bu, təkcə kəndlinin deyil, ölkənin ümumi ərzaq və ekoloji təhlükəsizliyi məsələsidir. Bağacığın qarşısı alınmasa, sabah Azərbaycanın şimal-qərbi yaşanmaz hala gələ bilər.
Amma kim qarşısını aldı? Kim tədbir gördü?
İnsanlar sabunlu suyla, tozsoranla, yapışqan lentlə mübarizə aparır, halbuki dövlət orqanlarının vəzifəsi bu ekologiyanın “xəstəliyini” vaxtında diaqnoz etmək və profilaktik üsullarla önləməkdir.
Yoxsa, bir gün bu səssiz təhlükə sadəcə bağları deyil, bütün bir regionun ekoloji balansını məhv edəcək.
Samir Əsədli