Bakı Hava Limanında gömrük özbaşınalığı: “Mənim kefim sizi yoxlamaq istəyir”

media-hightechnic-468x90

Son günlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə bağlı mediada və sosial şəbəkələrdə artan şikayətlər cəmiyyətdə ciddi narahatlıq doğurub. Gömrük əməkdaşlarının sərnişinlərlə rəftarının etik normalara uyğun olmaması və seçici yoxlamalar aparılması ilə bağlı iddialar getdikcə çoxalır.

Bu mövzuda Editor.az saytının baş redaktoru Fərid Şahbazlı öz şəxsi təcrübəsini bölüşərək yaşadığı insidenti xatırladıb.media-ferid-sahbazov

Fərid Şahbazlının sözlərinə görə, bir neçə il əvvəl Qazaxıstanın Aktau şəhərindən Bakıya qayıdarkən cəmi 8 kiloqramlıq yük baqajı ilə gömrük nəzarətindən keçmək istəyib.

Onun bildirdiyinə görə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən normal qarşılandıqları halda, gömrük nəzarət məntəqəsində mülki geyimli bir şəxs aqressiv formada qarşılarını kəsərək baqajın yoxlanılmasını tələb edib.

“Etiraz etmədim. Sadəcə soruşdum ki, hansı məntiqə əsasən məhz bizi seçmisiniz? Çünki eyni vaxtda İstanbul, Dubay kimi böyük şəhərlərdən reyslər gəlmişdi və həmin sərnişinlərin əksəriyyətinin əlində 23 kiloqramlıq, hətta bir neçə çamadan var idi. Amma onları, demək olar ki, yoxlayan yox idi”, – deyə Fərid Şahbazlı qeyd edib.

O bildirib ki, məhz İstanbul və Dubay kimi istiqamətlərdən bahalı telefonlar, elektronika, dərman preparatları və digər malların qeyri-qanuni keçirilməsinə cəhdlərin statistik olaraq daha çox rast gəlindiyini gömrük əməkdaşının diqqətinə çatdırıb. Lakin buna baxmayaraq, qarşı tərəfin cavabı daha da təəccüblü olub:

“Gömrük əməkdaşı açıq şəkildə dedi ki, “mənim kefim məhz sizi yoxlamaq istəyir’” Daha sonra isə sanki cinayətkar tutmuş kimi digər əməkdaşları da çağırdı”.

Aparılan yoxlama zamanı Fərid Şahbazlının baqajından heç bir qanunsuz əşya aşkarlanmayıb və hər hansı pozuntu müəyyən edilməyib.

O qeyd edir ki, tez-tez səyahət edən və xarici qonaqlar qarşılayan bir şəxs kimi, həm özü, həm də qonaqları gömrük əməkdaşlarının bu cür qeyri-etik və seçici davranışları ilə mütəmadi qarşılaşırlar.

“Ölkənin giriş qapısı olan bir məkanda insanlarla bu şəkildə rəftar edilməsi həm dövlət imicinə, həm də vətəndaş məmnuniyyətinə ciddi zərbə vurur”, – deyə Fərid Şahbazlı vurğulayıb.

O ümid etdiyini bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük xidmətinin fəaliyyəti ilə bağlı ciddi araşdırma aparılacaq və bu sahədə qanunauyğun, şəffaf və mədəni davranış standartlarını təmin edəcək tədbirlər görüləcək.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa