Bir çətirlik məsafə: Dövlət adamı ilə məmur təfəkkürü arasındakı uçurum
Bu gün Şəhidlər Xiyabanına gedən yol təkcə yol deyildi. O yol vicdanın, yaddaşın, borcun yoluydu. Yağış yağırdı. Səma da sanki bu torpaq uğrunda canından keçənlərin dərdinə şərik çıxırdı. İnsanlar susaraq addımlayırdı, çünki bəzi yerlərdə söz artıqdır, orada yalnız baş əymək qalır.
İki gün əvvəl həmin yolu prezident İlham Əliyev də getmişdi. Heç bir təmtəraq, heç bir nümayiş yox idi. Yağışın altında öz çətirini özü tutaraq, sanki demək istəyirdi: şəhidin qarşısında hamı bərabərdir. Bu, sadə bir detal deyildi. Bu, insanın vəzifəsindən yox, vicdanından danışdığı bir andı.
Bu gün isə o yol ilə başqaları da gəldi. Ramiz Mehdiyevin portretini hər gün keçdiyi koridorlarda unudan AMEA-nın sədri İsa Həbibbəyli də. Amma insan bəzən bir xırda detalda bütün dünyasını açır. O detal bu dəfə çətir idi. Prezident yağışın altında özü-özünə kifayət edərkən akademiyanın rəhbəri xidmətçi müşayiəti ilə addımlayırdı. Sanki yağışdan çox, sadəliyin yükündən qorunurdu.
Bu fərq adamın içini ağrıdır. Çünki söhbət təkcə protokoldan, rahatlıqdan getmir. Söhbət şəhid məzarının qarşısına hansı ruh halı ilə çıxmaqdan gedir. Şəhid səndən nə rütbə soruşur, nə titul, nə də kreslo. Şəhid yalnız vicdan istəyir. Sənin o torpağa hansı ağırlıqda gəldiyini yoxlayır.
Ən acısı odur ki, bu səhnə Azərbaycan elminin başında duran bir adamın obrazıdır. Elm insanı sadəliyin, təvazökarlığın, daxili məsuliyyətin daşıyıcısı olmalıdır. Amma biz bəzən elmi yox, vərdişi, düşüncəni yox, rahatlığı önə çəkən insanları görürük. Və onda adam düşünür: biz gənclərə nə öyrədirik? Şəhid qarşısında necə dayanmağı, yoxsa çətiri kimin tutacağını?
Yağış yuyur, amma hər şeyi təmizləmir. Bəzi ləkələr var ki, onları yalnız vicdan yuyur. Prezidentin ogünkü səssiz addımları vicdanın səsi idi. O biri səssizlik isə insanın öz içindən qaçmasının səsi.
Şəhidlər Xiyabanı hamı üçün eyni yerdir. Orada hamı bir boydadır. Kaş bunu hamı anlayaydı. Oraya çətirlə yox, başıaçıq vicdanla gedəydi.
Amir Aqiloğlu












