Prezidentdən strateji Davos mesajları: Azərbaycanın yeni geosiyasi xəttinin şifrələri
Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə mahiyyət etibarilə Azərbaycanın mövcud beynəlxalq nizamda tutduğu yeri, regional liderlik iddiasını və xarici siyasətdə seçdiyi praqmatik xətti açıq şəkildə ortaya qoyur.
Bu müsahibə təkcə enerji məsələləri ilə məhdudlaşmır, daha geniş geosiyasi çərçivədə Azərbaycanın davranış modelini nümayiş etdirir.
Beynəlxalq nizam: hüquqdan gücə keçid fonunda Azərbaycan modeli
“Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür”.
Bu sitat Prezidentin qlobal sistemlə bağlı əsas diaqnozunu əks etdirir. Əliyev açıq şəkildə bildirir ki, dünya yeni mərhələyə qədəm qoyub və bu mərhələdə qaydaları hüquq deyil, güc müəyyən edir. Şərh etsək, bu yanaşma Azərbaycanın son illər apardığı siyasətin fəlsəfəsini izah edir: Bakı beynəlxalq hüquqa istinad etməklə yanaşı, eyni zamanda, öz potensialını gücləndirməyi prioritetə çevirib. Yəni Azərbaycan idealist yox, realist xarici siyasət yürüdür və dəyişən qaydalar fonunda milli maraqları qorumağı əsas götürür.
Regional sülh: Cənubi Qafqazda yeni status-kvo
“Biz beş-altı aydır sülh şəraitində yaşayırıq… Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir”.
Bu sitat Cənubi Qafqazda yaranmış yeni reallığın rəsmi Bakının baxış bucağından təqdimatıdır. Prezident burada açıq mesaj verir: Azərbaycan artıq qalib tərəf kimi regionda oyunun qaydalarını müəyyən edir və sülhü də öz şərtləri ilə qurur. Ermənistanın yük daşımalarına qoyulan məhdudiyyətlərin götürülməsi və enerji təminatında Bakıya bağlılığın artması göstərir ki, sülh yalnız siyasi deyil, iqtisadiyyat üzərindən də möhkəmləndirilir. Bu, klassik “sülh üçün iqtisadi inteqrasiya” modelinin Cənubi Qafqaz versiyasıdır.
Enerji diplomatiyası: Avropaya açılan əsas qapı
“Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür”.
Bu cümlə müsahibənin ən güclü xarici siyasət mesajlarından biridir. Əliyev faktiki olaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz aktora çevrildiyini vurğulayır. Burada əsas məqam təkcə qaz ixracının həcmi deyil, coğrafiyadır. Prezidentin “boru kəməri qazı ilə coğrafi əhatəsinə görə dünyada birinciyik” deməsi, Bakının enerji üzərindən qurduğu geosiyasi təsirin miqyasını göstərir. Bu, Azərbaycanın Avropa ilə münasibətlərində tənqidlərə baxmayaraq, real ehtiyaclar səbəbilə vazkeçilməz tərəfdaş olduğunu sübut edir.
İran faktoru: ehtiyatlı, amma açıq mövqe
“Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq”.
Bu sitat Azərbaycanın cənub qonşusu ilə bağlı balanslı mövqeyini əks etdirir. Əliyev nə açıq müdaxiləçi ritorika seçir, nə də hadisələrə biganə qalır. Şərh baxımından bu, Bakının əsas prioritetinin sərhədləri boyunca sabitlik olduğunu göstərir. Prezidentin enerji bazarları ilə bağlı “neftin qiymətinə ciddi təsir yoxdur” fikri isə onu göstərir ki, Azərbaycan regional böhranları emosional deyil, iqtisadi rasionalizm prizmasından dəyərləndirir.
Avropa Parlamenti ilə münasibətlər: soyuq məsafə strategiyası
“Biz artıq buna reaksiya vermirik”.
Bu qısa, amma sərt sitat Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərdə yeni taktikasını ifadə edir. Prezident açıq şəkildə bildirir ki, tənqidlər Bakının siyasətinə təsir etmir və Azərbaycan Avropa strukturları içində yalnız real qərarverici mərkəzlərlə işləməyə üstünlük verir. Burada mesaj aydındır: enerji, təhlükəsizlik və regional sabitlik kimi mövzularda Azərbaycanın çəkisi tənqid ritorikasından daha ağırdır.
Davos müsahibəsi göstərir ki, Azərbaycan xarici siyasətdə artıq müdafiə mövqeyində deyil. Bakı özünü enerji mərkəzi, regional sabitləşdirici və qlobal dəyişikliklərə uyğunlaşan aktor kimi təqdim edir. Prezident İlham Əliyevin sitatları və onlara verilən siyasi məna bir şeyi açıq göstərir: Azərbaycan yeni dünya nizamında müşahidəçi yox, qayda formalaşdıran oyunçu olmaq iddiasındadır.
Aqil Ələsgər












