Qənirə Paşayeva birinci xanım ilə görüşüb
Millət vəkili Qənirə Paşayeva Malayziyanın rəsmi nümayəndə heyəti ilə görüşüb.
Q.Paşayeva Parisdə keçirilən Ümumdünya Qadın Sammiti çərçivəsində Malayziyanın birinci xanımı Datin Rozmah binti Mansor, qadın, ailə və cəmiyyətin inkişafı naziri Dato Rohani Abdul Karim, Beynəlxalq Ticarət və Sənaye Nazirliyinin baş katibi Datuk Dr. Rebekka Fatima Sta Mariadan ibarət Malayziya nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı millət vəkili Azərbaycanın bütün istiqamətlərdə Malayziya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Malayziya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan Q.Paşayeva parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.
Millət vəkili Malayziya nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Q.Paşayeva Malayziya nümayəndə heyəti üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacağını deyib və onları Azərbaycana dəvət edib. Malayziya heyəti böyük məmnuniyyətlə Azərbaycanı görmək istədiklərini bildirib.