!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb bu ölkədə çevriliş etmək İSTƏYİR – “Bardağı dolduran son damla...”

!Reklam – Yazi

“Artıq bir müddətdir ki, Macarıstanın Baş naziri Viktor Orbanla Avropa İttifaqı rəhbərliyi arasında münaqişəli vəziyyət hökm sürməkdədir. Bunun əsas səbəblərindən biri Viktor Orbanın Rusiyayönlü siyasət kursudur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Siyasi təhlilçi Macarıstan Baş naziri Viktor Orbanın Budapeştin Rusiyayönlü siyasət yürütməsinə görə Avropa İttifaqı tərəfindən çevriliş təhlükəsi ilə üz-üzə qalması haqqında səsləndirdiyi fikirləri analiz edib.

Analitikin fikrincə, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər Macarıstan Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən tək-tük Avropa İttifaqı ölkələrindən biridir:

“Eyni zamanda, NATO ölkəsi kimi də Macarıstanın Rusiyaya qarşı mövqeyində fərqli yanaşma mövcud olub. Ukraynaya hərbi texniki dəstəyi dəstəkləməyən bir ölkə rəhbəri kimi Orban gündəmi zəbt etmişdi.

Bütün bunlar, sözsüz ki, Avropa İttifaqı və Macarıstan arasında gərginliyi yaradan faktorlar sırasındadır. Bardağı dolduran damla isə Viktor orbanın Gürcüstanda keçirilən parlament seçkilərindən sonra qalib gələn “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının rəhbərliyini təbrik etmək üçün birbaşa Tbilisiyə səfər etməsi oldu. Çünki Gürcüstandakı parlament seçkiləri Qərb üçün önəmli idi. Həmin seçkilərdə Qərb müxalifətin qalib gələcəyinə ümid edirdi və onların ümidləri “Gürcü arzusu”nun zəfəri ilə puç oldu”.

Onun sözlərinə görə, müxalifətin məğlubiyyəti Qərbin Cənubi Qafqaza yönəlmiş siyasətinə də bir növ əngəl törətmiş oldu ki, Macarıstanın Qərbin vahid mövqeyindən sapması, fərqli siyasət yürütməsi, bu baxımdan, gərginliyi daha da artırdı:

“İndi də Macarıstan rəhbəri Avropa İttifaqının ölkədə çevriliş etmək istəyində olduğunu bəyan edib. Deməzdim ki, Avropa İttifaqı birbaşa Macarıstanda çevriliş etmək istəyindədir. Sadəcə, Avropa İttifaqı ölkədəki gündəmin istiqamətlənməsində müəyyən təsir imkanlarına malikdir. Bu rıçaqlar vasitəsilə də Avropa İttifaqı Macarıstandakı ictimai rəyin formalaşmasına təsir göstərə bilər ki, nəticədə də Macarıstanda hakimiyyətə qarşı etiraz dalğaları baş alıb gedə bilir. Sözsüz ki, sözügedən etiraz dalğaları hökumət çevrilişi ilə də nəticələnə bilər. Bu baxımdan, Avropa İttifaqının Macarıstandakı müxalifəti dəstəkləməsi realdır”.

S. Zahidova görə, hazırda V. Orban bundan narahatdır və ona görə də Baş nazirin qarşısında seçim var:

“Ya indiki mövqeyini davam etdirəcək və bununla da Avropa İttifaqı ilə münasibətlər daha da gərginləşəcək, ya da ki, mövqeyində müəyyən qədər yumşalma və Rusiyaya qarşı Avropa İttifaqının addımlarını dəstəkləyəcək. Lakin mən ikinci ssenarinin baş verəcəyinə inanmıram. Birinci ssenari, yəni Macarıstanla Avropa İttifaqı arasında münasibətlər gərginləşərsə, bu, ən sonda rəsmi Budapeştin qurumu tərk etməsi istəyi ilə də nəticələnə bilər. Sözsüz ki, burada xalqın rəyi də vacibdir”.

“Bununla bağlı ölkə daxilində referendum olmalıdır. Bu isə kifayət qədər uzun çəkən və mürəkkəb bir proses olacaq. Əslində, Orbanın Avropa İttifaqından çıxmaqda da nə dərəcədə maraqlı olduğu sual altındadır. Çünki Avropa İttifaqı Macarıstanın iqtisadiyyatı, maliyyə və sosial sistemlərinə artıq təsir göstərən bir qurumdur. Bu baxımdan, birlikdən çıxmaq Macarıstan iqtisadiyyatına müəyyən problemlər yaşada bilər ki, Orbanın da indiki vəziyyətdə belə problemlərlə üzləşmək iqtidarında olacağını zənn etmirəm”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

4349
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv