Almaniya kansleri Olaf Şolts Ukraynanın Rusiyaya zərbə endirmək üçün Qərb silahlarından istifadə etməsinə icazə verilməsi ideyasını dəstəkləyir.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri məlumat yayıb.
Almaniya hökumətinin mövqeyi ilə tanış olan mənbə nəşrə bildirib ki, O. Şolts indi Rusiyadakı hədəflərə qarşı Qərb silahlarından istifadənin tərəfdarıdır. Qeyd olunur ki, mənbə başqa təfərrüatları açıqlamayıb.
Mayın 26-da Berlində çıxış edən O. Şolts Ukrayna münaqişəsində Qərbin silahlarının çeşidini genişləndirmək üçün heç bir səbəb görmədiyini bildirib. Almaniya kanslerinin sözlərinə görə, alman silahlarının Kiyevə tədarükü üçün Ukrayna ilə razılaşdırılmış və bu işlə bağlı aydın qaydalar var.
Çərşənbə axşamı, mayın 28-də O. Şolts deyib ki, Ukrayna Almaniyanın verdiyi silahlardan “beynəlxalq hüquq çərçivəsində” istifadə edə bilər.
Kanslerin mətbuat katibi Şteffen Hebestreit isə izah edib ki, Ukraynanın müdafiə hərəkətləri yalnız öz ərazisi ilə məhdudlaşmır və düşmən ərazisinə qədər uzana bilər.
Fransa prezidenti Emmanuel Makron da O. Şolts ilə görüşündən sonra mətbuat konfransında çıxış edərək, Ukraynanın Rusiyaya zərbə endirməsinin tərəfdarı olduğunu deyib.
Rafi Müslümov
www.yenicag.az