!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Gürcüstanla bağlı təxribat PLANLARI: “Ukraynadan gələn snayperçilər...”

!Reklam – Yazi

“Gürcüstan parlamentli idarəetmə hakimiyyətinə məxsus ölkədir. Ona görə də orada keçirilən seçkilər təkcə 150 nəfərlik deputat mandatı uğrunda deyil, eyni zamanda, ölkənin idarə olunması, əsasən də 20 ilə yaxındır ki, davam edən xarici siyasətin yenidən formalaşdırılması baxımından çox önəmli idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.

Siyasi təhlilçi Gürcüstanda baş tutan parlament seçkilərindən sonra Qərbyönlü ölkə müxalifətinin başlatdığı etiraz aksiyalarına münasibət bildirib.

Onun sözlərinə görə, seçkidən əvvəlki beynəlxalq güclərin Gürcüstana olan diqqəti və tərəflər arasında qütblərin dərinləşməsi və vəziyyətin pik həddə çatması onu göstərirdi ki, seçkilərdən sonra da tərəflər arasında münasibətlər gərginlik səviyyəsində davam edəcəkdi:

“Gürcüstanda keçirilən seçkilər hakimiyyətdə qalmaq iqtidar və hakimiyyətə gəlmək istəyən müxalifətin mübarizəsindən daha çox Qərblə Rusiya arasında gedən mübarizə idi. Ona görə də seçkidən sonra da vəziyyət gərgin olaraq qalır. Məğlub olan tərəf, əsasən də Qərbyönlü siyasi partiyalar hakimiyyətin qələbəsini tanımaq istəmir və bununla belə, mitinqlərə start verərək, yenidən seçkilərin keçirilməsinə çalışırlar”.

“Rusiya mətbuatının Ukraynadan Gürcüstana snayperçilərin gətirilməsi ilə bağlı məlumatını isə inandırıcı qəbul etmirəm. Çünki Ukrayna özü də müharibə vəziyyətindədir və belə olan halda, özünə lazım olan qüvvələrin Gürcüstana göndərəcəyi ağlabatan deyil. Hesab edirəm ki, Rusiya bu haldan Ukraynaya qarşı təbliğat kimi istifadə etməyə çalışır və məlumatlar bu xarakterlidir”, – o, əlavə edib.

Y. Hacızadənin fikrincə, mitinqlərin uzunmüddətli davam edəcəyi də real görünmür:

“Ona görə ki, həm aktivlik yüksək səviyyədə deyil, həm də gürcü əhalisi hakimiyyəti inqilablar yolu ilə dəyişmə prosesindən və variantından yorulmuş kimi görünür. Mitinqlərə və etirazlara çıxan şəxslərin yaş həddinə baxdıqda da görmək olur ki, bunlar, əsasən, gənclərdir və onlar da Gürcüstanın vizasız Avropa və Qərbə getmə imkanlarının məhdulaşdırılacağından narahat olaraq bu etirazlara başlayıblar”.

Siyasi ekspert onu da diqqətə çatdırıb ki, seçkinin nəticələrinə görə Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası parlamentdə 89 yer qazana bilib ki, bu da Gürcüstanda hökumət və parlamentin formalaşmasına və işinə davam etməsinə imkan verir:

“Müxalifət namizədlərinin deputat mandatından imtina etməsi ilə bağlı açıqlamaları öz əksini tapmayacaq. Çünki həmin şəxslərin bir çoxu Qərblə bağlı olan kəslərdir və Qərb ölkələrinin Gürcüstanda yerləşən səfirliklərindən mütəmadi təlimatlar alırlar. Həmin ölkələrin səfirlikləri də imtina etmiş şəxslərə bildirirlər ki, onlar mübarizələrini parlamentdə əyləşərək davam etdirsələr, daha yaxşı olar.

Bütün bunlara görə Gürcüstanda etiraz aksiyalarının uzun müddət davam etməyəcəyi qənaətindəyəm. Hakimiyyət formalaşdırıldıqdan sonra bu mübarizə köhnə qaydada davam edəcək. Əlbəttə, Qərb və beynəlxalq güclər bundan razılaşmasalar da, müvəqqəti olaraq prosesi qəbul edib mübarizəni müxtəlif formalarda davam etdirməyə çalışacaqlar”.

Rafi Müslümov

COP29

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv