Qəzza əməliyyatından sonra BÖLGƏNİN GƏLƏCƏYİ: "İdeoloji və siyasi kökləri aradan qaldırmaq asan deyil" – Vəfa Həmzəyeva ilə MÜSAHİBƏ
Son günlər dünya mediası daha bir ağır xəbər aldı – İsrail Qəzza bölgəsində HƏMAS-ı məhv edənə qədər davam edəcəyi geniş əməliyyata start verdi.
Bölgədə hazırda durum nə yerdədir? Qəzzada nə baş verir? Əhalinin evakuasiyası aparılırmı?
Bu və digər sualların cavabını “Real TV”nin Sənədli filmlər departamentinin direktoru Vəfa Həmzəyeva ilə danışdıq.
Vəfa Həmzəyevanın “Yeni Çağ”a geniş müsahibəni təqdim edirik:
– İlk olaraq, Qəzzada son vəziyyət necədir? Xüsusilə mülki əhali arasında köç, humanitar böhran və şəhər döyüşlərinin təsirləri nə dərəcədədir və sizin gördüyünüzlə nə qədər üst-üstə düşür?
– Bilirsiniz ki, müharibə ölkələrində çəkilişlər edirəm və bu bitməyən savaş, davam edən müharibə başlayan günlərdə də ilk işimiz İsrailə yollanmaq oldu. Hətta daha sonra çətinliklə də olsa, Fələstinə – HƏMAS-ın nəzarətində olan Jeninə də keçmişdim. Ərazilərdə olmağım və müharibənin ilk günlərində çəkilişlər etməyim mənə humanitar və mülki əhali həyatının zərifliyi baxımdan birbaşa müşahidə imkanı vermişdi. İndi isə İsrail ordusu Qəzza şəhərinə doğru yeni, genişmiqyaslı quru əməliyyat fazasına keçib; tanklar üç istiqamətdən irəliləyir və şəhərdən çıxış üçün 48 saatlıq “müvəqqəti marşrut” elan olunub.
Həmin marşrut Misirin Rəfahında elə müharibənin ilk günlərində də guya elan edilmişdi, lakin fəaliyyətsiz oldu. İnsanlar acından qırıldı o günlərdə. Bu gün şəhərdə hələ yüz minlərlə mülki şəxs qalıb; əksəriyyət təhlükəsizlik, şəraitin ağırlığı və qayıda bilməmə qorxusuna görə tərk etməkdə tərəddüd edir. Humanitar xidmətlər, yəni su, tibbi yardım, sığınacaq kəskin məhduddur və köç yolları risklidir. İsrailin atdığı bombalar həm könüllüləri, həm digər xalqları, həm də jurnalistlərin həyatına son qoyur. Bu arada artıq Qəzzadakı qətliam soyqırımı kimi tanınıb. 72 səhifəlik BMT-nin İnsan Hüquqları Şurasının araşdırması da artıq var.
İsrail hökuməti tərəfindən şəhərdən evakuasiya çağırışları və köç əmrləri verilib, amma yollar çox vaxt bombalamalardan, hava hücumlarından və təhlükəsizlik risklərindən dolayı istifadə edilə bilmir və ya çox məhduddur. Yüz minlərlə insan cənuba doğru çəkilir, amma sığınacaq yerləri və yardım qaynaqları yetərsizdir. Bombardmanların intensivliyi getdikcə artıb – hava hücumları, tank və zirehli texnikanın istifadəsi, partlayıcıların dağıdıcı gücü yüksəkdir. Bu da infrastrukturun – su, elektrik, səhiyyə xidmətlərinin ciddi ziyan görməsinə səbəb olur. Humanitar təşkilatlar və beynəlxalq ictimaiyyət artan mülki itkiləri, itkin düşən uşaqları, yaralıların xəstəxanalara çatdırılmasında yaranan çətinlikləri vurğulayır. Qidalanma, dərman, təmizlik şəraiti böyük böhran içindədir. Bunlar faktdır və bəzən güc təkcə silahda yox, həm də ədalətdə olmalıdır.
Mənim şəxsən gördüyüm mülki xalqın qorxusu, dalanlarda sığınma cəhdləri, uşaqların və ailələrin əsas ehtiyaclar üçün mütəmadi olaraq yardım gözləməsidir. Belə münaqişə şəraitində köç məcburluq olur, amma uzunmüddətli evakuasiya infrastrukturu yoxdur. Vəziyyət daha da pisləşəcək. İsrail o əraziləri bu qədər yol keçdikdən sonra itirə bilməyəcəyini də anlayır. Məşhur ifadə var: “İsrail ilk məğlubiyyətə yer üzündən silinə bilər”. Bunu böyük güclər də dərk edir. İsrail hökuməti buna imkan verə bilməz, verməyəcək.
– Netanyahu “başladıq” deyərkən, hədəf sadəcə HƏMAS-dır, yoxsa Qəzzanı tam ələ keçirmək ideyasıdır? Yəni, bu əməliyyatın məqsədləri nədir?
– Mənim fikrimcə və mənbələrə əsaslansaq, birincisi, Netanyahu və İsrail hökuməti açıqlayır ki, əsas hədəf HƏMAS-dır: onun hərbi və administrativ şəbəkəsinin dağıdılması, qəza əməliyyatlarının dayandırılması, İsraildəki girovların azad edilməsi. Məqsəd “terror infrastrukturu”nu neytrallaşdırmaqdır. Lakin bəzi mediaya çıxan xəbərlər göstərir və sərəncam verilib ki, “tam Qəzza bölgəsinin işğal” planları müzakirə olunur. Məsələn, İsrailin “War Cabinet”nin qərar namizədləri arasında Qəzzanın bəzi hissələrində daimi hərbi nəzarətin, təhlükəsizlik zonalarının yaradılması fikri var.
Yəni hədəf yalnız HƏMAS-ın məhv edilməsi deyil – siyasi, strateji baxımdan Qəzzanın idarəetmə strukturu, HƏMAS-ın hakimiyyəti altındakı ərazilərin nəzarətdən çıxması, təhlükəsizlik zonalarının genişləndirilməsi, mülki inzibati strukturların dəyişdirilməsi də gündəmdədir. Amma “tam ələ keçirmək”, yəni Qəzzada İsrailin uzunmüddətli hərbi işğalı, yerli idarəetməni tam ələ keçirmək rəsmi bəyanatda bu qədər açıq deyil. Deyil, amma hədəfə elə o ərazilərin özüdür. Orada müsəlman xalqı oldu və ya olmadı – bu belədir. İsrail dəfələrlə açıqlama verib ki, Qəzza İsrailinin nəzarətinə keçənə qədər İsrail dövlətinə təhlükə var. HƏMAS qruplaşmasına olan simpatiya Qəzzada göz önündədir. Əlbəttə HƏMAS-ın komandirinin biri məhv ediləndə, yerinə digəri gələcək. İsrail bunu gözə alaraq yaşamayacaq.
– Əgər məqsəd HƏMAS-dırsa, bu məqsədin alınması realdırmı? Yəni İsrail bu əməliyyatla HƏMAS-ı tam məhv edə bilərmi, nə qədər proqnoz mümkündür?
– Realist olsaq, bu məqsədin tam alınması mümkündür, amma çətinliklər çoxdur. Misal üçün hərbi çətinliklər var. Qəzza şəhərində çox sıx insan məskunlaşıb, çoxlu tunellər, yeraltı infrastruktur var, HƏMAS döyüşçülərinin mülki əhali arasında maskalanması əməliyyatlara çətinlik qatır. İsrail ordusunun üstün texnologiyası, hava üstünlüyü, kəşfiyyat imkanları, güclü zirehli texnika istifadə imkanları, bu baxımdan, avantajdır. Ancaq belə əməliyyatlar yüksək itkilər, yüksək xərc və uzun müddət tələb edə bilər.
Bundan başqa, ictimai və beynəlxalq təzyiqlər var. Mülki itkilərin artması, humanitar böhranın dərinləşməsi beynəlxalq tənqid və mümkün diplomatik və iqtisadi təzyiqlər yaradacaq. Bu, İsrailin əməliyyatlarını məhdudlaşdıra və bəzi əməliyyatları dayandırmağa və ya kompromislərə getməyə məcbur edə bilər. Girov məsələsi güclü motivasiyadır, amma girovların böyük hissəsinin azad edilməsi və HƏMAS-ın tam sülhə gətirilməsi şərtləri siyasətdə və diplomatik mühitdə real maneələrlə üz-üzədir.
Həmçinin, məqsədin sonrasını da unutmaq olmaz. HƏMAS-ın “tam məhv edilməsi” halında belə, təsir edən ideoloji və siyasi kökləri aradan qaldırmaq asan deyil. HƏMAS orqanları yerli ictimai dəstək, sosial struktur, müxtəlif yardım şəbəkələri və İsrail-Qəzza zəminində uzun zaman formalaşmışdır. Əgər müharibə sonrası idarəetmə və bərpa işləri düşünülməzsə, liderlik boşluğu, humanitar böhran və radikallaşma yenidən yaranma riski var. Eyni zamanda, İsrailin təhlükəsizlik maraqları ilə bərabər, əməliyyatın siyasi xərci daxili siyasətdə, beynəlxalq imicdə yüksək ola bilər.
Nurlan Cəfəri