“QHT sahəsində qəbul edilən son qərarlar çox böyük dönüş yaradacaq” – Umud Mirzəyev
Nazirlər Kabineti tərəfindən “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi barədə verdiyi qərar Azərbaycanın vətəndaş cəmiyyətinə yeni nəfəs verəcək. Bunu Nazirlər Kabinetinin yanvarın 12-də qəbul etdiyi qərarı şərh edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib.
Cənab Mirzəyevin sözlərinə görə, Azərbaycanda demokratiyanın mühüm qollarından olan QHT sektorunun inkişafı ilə bağlı proseslər son günlər xüsusi gündəm kəsb edir və bu istiqamətdə müzakirə olunan əsas mövzu da sözsüz QHT-lərə xarici donorların qrant verilməsidir. Prezident İlham Əliyevin bir müddət əvvəl bu sahədə imzaladığı fərmana əsasən, xarici donorların Azərbaycan QHT-lərinə qrant verməsində yeni “bir pəncərə” prinsipinin tətbiq olunması artıq ciddi effekt verməyə başlayıb. Fərmanla 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq edilib və vətəndaş cəmiyyəti təmsilçiləri bu prosesdən çox razıdırlar. Müsbət haldır ki, Azərbaycanda qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülür. Mən şəxsən bunu QHT-lərin qaldırdıqları problemlərin həllinə dövlətin adekvat reaksiyası kimi qiymətləndirirəm deyən Umud Mirzəyev xüsusi vurğulayıb ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lərin rolu çox böyükdür. “ Azərbaycanda QHT-lərin bu rolu hər zaman ölkə rəhbərliyi tərəfindən qeyd edilib və bu sahəyə dəstək göstərilib. İndiyə qədər xarici donorların fəaliyyətində, ölkəyə gələn qrantların təyinatında bir pərakəndəlik vardı. Düşünürəm ki, iki il həyata keçirilən tədbirlər də bu istiqamətdə islahatlara yönəlmişdi. Ümid edirəm ki, “bir pəncərə” QHT-lərin əsas problemlərini əhəmiyyətli dərəcədə aradan qaldıracaq. QHT olsun, vətəndaş cəmiyyətinin digər institutları olsun, bu sahədə fəaliyyət göstərən hər bir kəsin işində şəffaflıq olmalıdır. Cənab Prezidentin fərmanı, o cümlədən Nazirlər Kobinetinin qəbul etdiyi son qərar mənim fikrimcə, ortada olan boşluqları aradan qaldıracaq. Bu həm də indi Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığın ən əhəmiyyətli təzahürünə çevrilib”.
Sonda BAMF sədri bildirib ki, onun həmkarı, Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu
Platformasının koordinatoru Əliməmməd Nuriyevin həm fərman, həm də Nazirlər kabinetinin qərarı ilə bağlı verdiyi şərhlər çox əhəmiyyətlidir. Həmin şərhlərdə QHT təmsilçiləri öyrənə bilərlər ki, yeni prosedurlar qrant müqavilələrinin qeydiyyatına hansı süni manəeləri və bürokratiya yarada bilən hansı tələbləri ləğv edir və qeydiyyat prosedurunu necə asanlaşdırır.
BAMF-ın mətbuat xidməti
Yenicag.az