“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmura və qızı Selcan Yağmura qarşı tətbiq etdiyi fiziki zorakılıq faktı ilə bağlı Ombudsmana, Baş Prokurora və Daxili işlər nazirinə müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, AXCP-nin sabiq sədr müavini, partiyanın Rəyasət Heyətinin və Ali Məclisinin üzvü Fuad Qəhrəmanlı qızı və ailə üzvlərini davamlı olaraq məişət zorakılığına məruz qoyub.
Təşkilat sədri müraciətində qeyd edib ki, Fuad Qəhrəmanlının qızı Selcan Qəhrəmanlı (Yağmur) öz açıqlamasında atası tərəfindən ona və anası – Zümrüd Yağmura qarşı fiziki və psixoloji zorakılığın uzun illər boyu davam etməsini və bundan hətta partiya sədri Əli Kərimlinin məlumatlı olmasını da qeyd etmişdir. A.Abdulkərimov daha sonra Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsini və bu istiqamətdə mövcud olan qanunvericiliyi diqqətə çatdırıb:
I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir
II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 2 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Məişət Zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu” qəbul olunmuşdur. Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir. Məişət zorakılığı halları çox təəssüf olsun ki, dövrümüzdə ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən də törədilir. Qeyd etmək istərdim ki, cəmiyyətimiz həmin hallara biganə qalmamalıdır. Məişət zorakılığı törədən şəxslərə, həmçinin ictimai qınaqla birbaşa qanunvericilikdən irəli gələn digər cəza tədbirləri də tətbiq edilməlidir.
Müraciətdə daha sonra deyilir:
“Selcan Qəhrəmanlı (Yağmur) açıqlamasında eyni zamanda bildirir ki, AXCP sədri Əli Kərimli baş vermiş hallarla məlumatlı olmuş və öz partiya yoldaşına düzgün istiqamət verməkdən vaz keçərək onun əməllərini dəstəkləmiş və ailə üzvlərini bu zorakılıq halları ilə bağlı dözümlü olmağa çağırmışdır. Buradan belə nəticəyə gəlmək olar ki, Əli Kərimli də zorakılığı dəstəkləmiş və bununla bağlı heç bir yerə müraciət etməyərək özünü də zorakı şəxs kimi göstərmişdir. Beləliklə Əli Kərimli öz müavinini dəstəkləyərək onunla eyni psixoloji durumda olduğunu sübut etmişdir. Azərbaycanın siyasi hakimiyyətinə iddialı olan bir partiyanın rəhbərlərinin bu kimi halları və cəmiyyətdə məişət zorakılığını dəstəkləməsi nə dərəcədə düzgündür?! Xəyali olaraq təsəvvür edək ki, bu şəxslər hakimiyyətə gəlib və dövlətdə yüksək vəzifə tutublar. O zaman ölkədə hansı halların baş verə biləcəyini təsəvvür etmək belə qorxuludur.
Müraciət edərək AXCP–nin cəmiyyətdə bu zorakı fəaliyyətinin dəstəklənməsi və partiya rəhbəri, onun müavinlərinin bu cür davranışlarla cəmiyyətə mənfi təsir göstərməsi “Siyasi partiyalar haqqında” və “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanunu ilə bağlı araşdırmanın aparılmasını, zorakı şəxslərin psixoloji baxımdan cəmiyyətə təhlükəli şəxs olaraq qiymətləndirilməsi və onların siyasi baxımdan fəaliyyətlə məşğul olub olmaması ilə bağlı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyindən irəli gələrək müvafiq tədbirlərin həyata keçirməyi və qanunamüvafiq qaydada tədbirlər görməyinizi və yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq AXCP sədri Əli Kərimli və keçmiş müavini, AXCP rəyasət heyyətinin üzvü, eyni zamanda AXCP Ali Məclisinin üzvü Fuad Qəhrəmanlı barəsində müvafiq materialların toplanması və Cinayət işinin qaldırılması barədə aiddiyatı qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirik!”
Təşkilat sədri eyni zamanda “cəmiyyətdə zorakılığı dəstəkləyən, ictimai fikri yanıldan, ölkəni sosial problemlər ağuşuna atmaq niyyəti güdən bu partiya sədrinin və onun rəhbər üzvlərinin fəaliyyəti nə üçün nəzarətə götürülmür?” deyə sual edib. O, təklif edib ki, hakimiyyətə iddialı olan, siyasi fəaliyyətlə məşğul olan və rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiyaların rəhbər heyyəti də psixoloji-sağlıq durumları barədə müvafiq tibbi sağlamlıq arayışını təqdim etmələri üçün “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilsin.
www.yenicag.az