Abbas Abbasovun axtarışa verilməsi: "Rusiyanın iradəsini ifadə edən digər şəxslərlə yanaşı..."
“Abbas Abbasov və bu işdə əli olanlar Rusiyadan ekstradisiya edilməlidir”.
Bu fikirləri Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun Ramiz Mehdiyev işi üzrə axtarışa verilməsi barədə danışan siyasi şərhçi Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında səsləndirib. 
A. Səmədovun sözlərinə görə, yaxın tariximizdə ən araşdırılmağa ehtiyacı olan hadisələrdən biri 2013-cü ildə Milli Şuranın yaradılmasıdır:
“Məlumdur ki, ondan əvvəl “Milyarderlər İttifaqı” deyilən qurum da yaradılmışdı. Bu qurumun da əsas aparıcı üzvlərindən biri Abbas Abbasov idi. Sonradan Milli Şura ilə bağlı çox mübahisəli hadisələr baş verdi. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı olduğu halda, Azərbaycan prezidentliyinə namizəd olmasına cəhd göstərildi. Son anda Rusiya İbrahimbəyovu vətəndaşlıqdan nədənsə çıxartmaq istəmədi. Bütün bu məsələlər, həmin hadisələr zamanı A. Abbasovun və şuranın digər aparıcı üzvlərinin oynadığı rol ciddi şəkildə araşdırılmalıdır”.
Siyasi şərhçi Azərbaycanın gələcəkdə Abbasovun Azərbaycana gətirilməsi barədə məsələni Rusiya hakimiyyət orqanları qarşısında qaldıra biləcəyini istisna etməyib:
“Lakin Rusiyanın buna müsbət yanaşma ehtimalı çox da yüksək deyil. Çünki Milli Şuranın yaradılmasında Rusiya hakimiyyəti də aktiv şəkildə iştirak etmişdi və bu məsələlərin ortaya çıxmasında Moskva qətiyyən maraqlı deyil. Güman edirəm ki, araşdırmalar çox məsələləri üzə çıxaracaq. Rusiyanın Azərbaycanda hakimiyyəti dəyişmək planında kimlərin aktiv şəkildə iştirak etdiyini ortaya qoyacaq və ən əsası Rusiyanın “5-ci kalon”u haqqında daha aydın təsəvvürə malik olmağımıza imkan yaradacaq. Bir şey aydındır, bu işdə Abbasovla və Rusiyanın iradəsini ifadə edən digər şəxslərlə yanaşı, Azərbaycan müxalifəti aktiv şəkildə iştirak edib. İlk növbədə, Əli Kərimlinin bu prosesdə iştirakı heç kimdə şübhə doğurmur və bu da faktdır ki, hələ də Milli Şuranı saxlamaq üçün Əli Kərimli, Cəmil Həsənli və digərləri əllərindən gələni edirlər”.
Nurlan Cəfəri












