Qış vaxtına keçid bəlli olub
Azərbaycan Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Beləliklə, oktyabr ayının 26-da Azərbaycan ərazisində qış vaxtına keçiləcək. Həmin gün saat 05.00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək, bununla da, ölkə qış vaxtına keçəcək.
Bəzi mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat irəli, ya geri çəkilməsi əhalinin yalnız 10-15 faizində narahatlıq yarada bilər. 2-3 gündən sonra isə bu, vərdiş halına çevrilir.
Qış vaxtına keçidin iqtisadi tərəfləri
Qeyd edək ki, qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur.
Avropa Birliyi ölkələri və Amerikanın əksər ştatları hər il bu üsuldan faydalanır. Lakin bəzi səbəblərdən Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib.
Həkimlər isə saatların ildə iki dəfə çəkilməsinin insan orqanizminə neqativ təsir göstərdiyini deyir. Lakin bu təsir bir o qədər də böyük deyil. İstirahət günündən başlayaraq insanlar öz gündəlik rejiminlərini korrektə etsə və saatların çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsa, bu təsiri minimuma endirə bilər.
Qış vaxtına keçidin sağlamlığa təsiri
Həkimlərə görə, bu addım həm fiziologiyaya, həm də psixologiyaya çox böyük təsirlər qoyur. İlk 5-10 gün ərzində qeyd edilən vaxt keçidləri olarkən təcili yardım çağırışları dünyada 10% artır. İnfarkt xəstələri, endokristin xəstələr, hipertoniyadan müalicə olunanlarda bu daha çox özünü göstərir. Ölkəmizdə çox yayılmış intihar və bu kimi hallara vaxt keçidi də böyük təsir göstərərək, onların artmasına səbəb olur. Onlara görə payızda vaxt keçidi depressiya xəstəliklərinə tutulmuş insanların bir qədər də halını pisləşdirir. Belə hallarda həkimlər tövsiyə edirlər ki, bu keçidlər zamanı özlərini pis hiss edənlər ilk 5 gündə gün ərzində yuxularını 1 saat artırsınlar. Vitaminli qidaları – əncir, xurma qəbulunu çoxaltsınlar. (deyerler.org)