Qızılcadan sonra yeni dalğa? – Professor "gec olmadan bunu edin" deyə SOS SİQNALI VERDİ
“Valideynlər gec olmadan övladlarının vaksinini gecikdirməsinlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında professor, tibb elmləri doktoru Adil Qeybulla bildirib. Tanınmış həkim son aylarda Azərbaycanda yüksək hərarətdən azyaşlıların ölüm hallarının çoxalmasının qarşısını almaq üçün vacib həll yollarından danışıb:
“Bu hadisələr çox təəssüf doğurur. Əgər biz azyaşlıların hərarətdən ölməsi hadisələrinin kökünü araşdırsaq, bəzi mətləblərə xüsusi aydınlıq gətirməliyik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 13 adda infeksiyaya qarşı vaksinasiya proqramı hazırlanıb və bütün ölkələrə bu peyvəndlərin vurulması tövsiyə olunub. Hətta bəzi aztəminatlı ölkələrə bu vaksinlər ödənişsiz verilir. Bədəndə immunitet yaransın deyə, bu 13 adda xəstəliyə qarşı bəzən 2-3 dəfə vaksinasiya aparılır. Məhz statistik göstəricilər sübut edir ki, vaksinasiya tətbiqindən sonra dünyada bu xəstəliklərdən kütləvi ölüm halları tam minimuma endirilib. Əvvəllər göyöskürəkdən və digər infeksiyalardan onlarla uşaq tələf olurdu, poliomielitdən uşaqlar iflic qalırdı. Hazırda isə bu infeksiyalara qarşı vaksinasiya var və bunun nəticəsində onlardan xilas olmaq mümkündür.”
A. Qeybulla təkcə qrip deyil, bir çox xəstəliklərin qarşısını almaq üçün vaksinasiyanın vacib olduğunu vurğulayıb:
“Təxminən bir neçə ay öncə ölkədə qızılca tuğyan edəndə valideynlər əl-ayağa düşüb vaksin axtarırdılar. Halbuki bunu vaxtında etmək lazımdır. Burada səhiyyə orqanlarının da məsuliyyəti var; bu məsələlər icbari şəkildə həyata keçirilməlidir. Eyni zamanda, valideynlərin də günahı var ki, uşaqları bəzən vaksinasiyadan yayındırırlar. Həmçinin ölkədə vaksin əleyhinə müəyyən kampaniyalar da aparılır. Bu vaksinlərin arasında ən vaciblərindən biri də influensadır (qrip). Ən azı bu vaksin uşaq xəstələndikdə belə, onu ölüm halından qoruyur.”
A. Qeybulla hərarətdən vəfat edən uşaqların valideyn nəzarətindən kənar qaldığını düşünür:
“Maraqlansaq görərik ki, hərarətdən ölən uşaqlar əsasən nəzarətdən kənar qalanlardır. Biz bir şeyi nəzərə almalıyıq ki, vaksinasiya olunmayan, ÜST-nin tövsiyələrinə əməl edilməyən uşaq həm özü, həm də ətrafı üçün təhlükədir. Çünki o, həm asanlıqla yoluxa, həm də başqalarını yoluxdura bilər. Biz bu cür ağır hadisələrin təkrarlanmamasını istəyiriksə, tibbin göstərdiyi yolla getməliyik; bu, çox vacibdir.”
Nurlan Cəfəri













