QR kodlarla bağlı BÖYÜK TƏHLÜKƏ – “Adınızdan qanunsuz əməliyyatlar həyata keçirilə bilər”

media-hightechnic-468x90

“Bu qruplar qlobal şəkildə fəaliyyət göstərdiyinə görə onları aşkar etmək və məsuliyyətə cəlb etmək çox çətindir. 100 yerə şikayət etsəniz də, nəticə əldə etmək bəzən mümkün olmur”

Bunu Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

media-elcin_bayramli

O, ictimai məkanlarda insanların şəxsi məlumatlarının oğurlanması üçün quraşdırılan QR oxuduculardan necə qorunmaqla bağlı tövsiyələrini səsləndirib.

Sosioloq bildirib ki, hazırda çox təhlükəli bir dövrdə yaşayırıq:

“İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə paralel olaraq kibercinayətlərin və dələduzluq hallarının sayı da kəskin şəkildə artıb. Məlumatların oğurlanması üçün texniki imkanlar genişlənib və müxtəlif onlayn vasitələrlə insanların aldadılması adi hala çevrilib. Hər gün minlərlə insan bu cür halların qurbanına çevrilir. Mövzunun ciddiliyini nəzərə alaraq aidiyyəti dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi gecə-gündüz maarifləndirici təbliğat aparır. Jurnalistlər, ekspertlər də bu barədə geniş şəkildə məlumat verir, xəbərdarlıq edirlər. Amma yenə də bir çox insanlar bu tələlərə düşürlər”.

Onun sözlərinə görə, artıq birdəfəlik başa düşmək lazımdır ki, indiki dövr çox təhlükəlidir:

“Şəxsi məlumatları istənilən yerə vermək, şübhəli linklərə girmək, harada gəldi şifrələrini yazmaq, tanımadığın mənbələrə etibar etmək olmaz. İstifadəçilər mütləq ehtiyatlı olmalı, qarşı tərəfin kim olduğunu, nə dərəcədə etibarlı olduğunu araşdırmalıdır. İnsanlar hələ də başa düşmürlər ki, smartfon çox təhlükəli bir cihazdır. Bu cihaz vasitəsilə harada gəldi qeydiyyatdan keçmək, şəxsi sənədləri paylaşmaq olmaz. Bir neçə şəxsi məlumatın birləşdirilməsi ilə bütün hesablarınız ifşa edilə bilər”.

E. Bayramlıya görə, təəssüf ki, bu işlərlə təkcə yerli dələduzlar yox, dünyanın müxtəlif guşələrində yerləşən peşəkar haker qrupları da məşğul olur:

“Bu qruplar qlobal şəkildə fəaliyyət göstərdiyinə görə onları aşkar etmək və məsuliyyətə cəlb etmək çox çətindir. 100 yerə şikayət etsəniz də, nəticə əldə etmək bəzən mümkün olmur. Bu cinayətkarlıq nəzarətsiz bir sahədə baş verir və dövlətlərin müdaxilə imkanları da məhduddur. Bu səbəbdən insanların özü maariflənməli, texnoloji biliklərini artırmalıdır. İnformasiya dövründə bu sahədə bilikləri olmayanlar istər-istəməz böyük risklərlə üz-üzə qalacaqlar. Təhlükəsizlik vərdişləri artıq müasir dövrdə bir zərurətə çevrilib. Təəssüf ki, əksər insanlar məsuliyyətsiz davranır, yüz dəfə xəbərdarlıq edilsə də, yenə də eyni səhvləri təkrarlayırlar”.

“Misal üçün, sosial şəbəkələrdə müxtəlif testlər, sorğular adı altında istifadəçilərdən onlarca suallara cavab tələb olunur. Görünüşdə zərərsiz olan bu testlər, əslində, şəxsi məlumatlarınızı toplamaq və gələcəkdə istifadə etmək məqsədi daşıyır. Doğum tarixi, sevdiyiniz rəng, uşaqlıq xatirələri və digər “sadə” suallar, əslində, parollarınızı tapmaq üçün ipucu rolunu oynayır. Bununla da təkcə bank hesablarınız deyil digər sistemlərdə də sizin adınızdan müxtəlif fırıldaqlar həyata keçirilə bilər”, – deyə o, əlavə edib.

Həmsöhbətimiz hesab edir ki, bu, təkcə maliyyə itkisi ilə də bitmir:

“Adınızdan qanunsuz əməliyyatlar həyata keçirilə bilər. Ona görə də bu məsələyə ciddi yanaşmaq lazımdır. İnsanlar bir dəfəlik anlamalıdırlar ki, smartfon və internetə sahib olmaq, istənilən platformaya nə gəldi daxil olmaq hüququ vermir. Məlumatlarınızı yalnız rəsmi və etibarlı mənbələrə təqdim etməlisiniz. Şəxsi məlumatlar yalnız dövlətin səlahiyyətli orqanları tərəfindən tələb olunduqda verilməlidir. Heç bir halda tanımadığınız tətbiqlərə, proqramlara, sayt və linklərə şəxsi məlumatlarınızı təqdim etməyin”

Sosioloq onu da vurğulayıb ki, hər il bəlkə də 10 milyonlarla pul belə dələduzluq və kibercinayət yolu ilə insanların əlindən alınır:

“Bu kimi problemlə qarşılaşmaq 90% insanların öz səhvindən qaynaqlanır. Məlumatlı insanların niyə belə şeylər başına gəlmir? Bir sözlə, insanlar özlərini qurbana çevirir. Heç kəs heç kimi belə təhlükədən azad edə bilməz. Yalnız öz ağlı və şüuru ilə düzgün düşünənlər qurma oyunlardan qaça bilirlər. İnsanlar hətta barmaq izlərini, üz tanıma məlumatlarını da təhlükəli şəkildə paylaşırlar. Halbuki bu cür biometrik identifikasiya məlumatları dəyişdirilə bilmədiyinə görə ən təhlükəli məlumatlar sayılır. Bu məlumatların oğurlanması ilə sizə qarşı istənilən texnoloji fırıldaq həyata keçirilə bilər”.

Müsahibimiz əmindir ki, qlobal miqyasda fəaliyyət göstərən təşkilatlanmış cinayətkar qruplar bu məlumatları toplamaq və istifadə etmək üçün dayanmadan çalışırlar:

“Texnoloqlar, ekspertlər, dövlət qurumları illərdir bu barədə danışır, xəbərdarlıq edir. Amma əfsuslar olsun ki, insanların bir hissəsi bu xəbərdarlıqlara məhəl qoymur və nəticədə fırıldaqçılığın qurbanına çevrilir. Bu səbəbdən, demək olar ki, baş verən kibercinayətlərin əksəriyyəti (təxminən 90%-i) birbaşa insanın öz səhlənkarlığının nəticəsidir. Öz məlumatlarını şübhəli saytlara daxil edən, sosial mediada düşünmədən paylaşan şəxslər faktiki olaraq özlərini qurban vəziyyətinə salırlar”.

“Əgər insanlar bu məsələni ciddiyə almayacaqlarsa, ağıllı və şüurlu davranmayacaqlarsa, onların başına yenə də fırıldaqlar gələcək, pul və əmlaklarını itirəcəklər. Bunun qarşısını almağın yeganə yolu şəxsi maariflənmədir. Başqa çıxış yolu yoxdur. Çünki bu, qlobal və nəzarətsiz bir sistemdir. Heç bir dövlət bu cinayətkarlığın qarşısını tam şəkildə ala bilməz. Buna görə də məsuliyyət hər bir fərdin öz üzərinə düşür. Ya ağıllı olmaq lazımdır, ya da bu təhlükəli virtual dünyanın qurbanına çevrilmək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

 

 

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600