Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Quba və Xaçmaz Dövlət Yol Polisi bölmələri, həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin YPX-nin 2-ci tağımı tərəfindən Quba rayonunda reyd keçirilib.
DİN-dən Yenicag.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Saxlanılan zaman 30-dan çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.
Yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.