Quş qripi ilə bağlı monitorinqlər başladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 2-6 fevral tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.

Agentlikdən Yenicag.az-a bildirilib ki, monitorinqlər çöl quşları arasında ailə-kəndli təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülərək seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, cari mövsümdə dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikanın ərazisindən keçməsi, habelə ölkə ərazisində bu quşların müvəqqəti və daimi məskunlaşma yerlərinin olması ölkəmizdə də xəstəliyin yayılma riskini artırır.