“Radikal diasporun Paşinyan planı” – Könül Nurullayevadan erməni rəzalətinə REAKSİYA
“Mövcud olmayan bir qurumun adından verilən bu cür cəfəng mesajlar daha çox daxili auditoriyaya hesablanmış addımdır və heç bir perspektivi yoxdur”.
Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat Parisdə erməni diasporunun Ermənistanda keçiriləcək seçkilərlə bağlı təbliğat xarakterli tədbirində qondarma rejimin “bayrağının” qaldırılmasını və səsləndirilən iddiaları sərt tənqid edib:
“Parisdə keçirilən və “əməkdaşlıq platforması” kimi təqdim olunan erməni diaspor forumu bir daha göstərdi ki, praqmatik və kompromisə açıq siyasət xaricdəki radikal lobbi dairələrini qane etmir. Diasporun bir hissəsi Ermənistanın daxili siyasi mübarizəsində aktiv tərəfə çevrilməyə çalışır ki, bu da ümumi sülh prosesində əlavə gərginlik yaradır. Paris forumu ilə bağlı rəsmi açıqlamalarda tədbirin əsas məqsədinin diaspor ilə İrəvan arasında əlaqələrin gücləndirilməsi olduğu bildirilsə də, səsləndirilən fikirlər və qəbul edilən qərarlar bu iddianın arxasında fərqli niyyətlərin dayandığını göstərir.
Forum çərçivəsində xaricdə yaşayan Ermənistan vətəndaşlarına ölkəyə qayıdaraq qarşıdan gələn parlament seçkilərində fəal iştirak etmələri ilə bağlı çağırışlar edilib. Bu çağırışların mahiyyəti isə açıq şəkildə mövcud hakimiyyətə qarşı siyasi mövqe nümayiş etdirməyə yönəlib. Beləliklə, tədbir faktiki olaraq Ermənistanın daxili siyasi proseslərinə xaricdən təsir göstərmək cəhdidir”.
Deputat forumda atılan təxribat xarakterli addımlardan danışaraq, bu cəhdlərin reallığı manipulyasiya etmək məqsədi daşıdığını qeyd edib:
“Forumun digər diqqətçəkən məqamı isə Qarabağ mövzusu və qondarma “erməni soyqırımı “iddialarının yenidən prioritet istiqamət kimi önə çəkilməsidir. Reallıqda artıq regional və siyasi müstəvidə həllini tapmış məsələlərin diaspor tərəfindən gündəmdə saxlanılması, bu mövzuların daha çox siyasi və maliyyə aləti kimi istifadə edildiyini göstərir.
Tədbirdən sonra özünü qondarma “Artsax parlamentinin spikeri” kimi təqdim edən Aşot Danielyan tərəfindən həyata keçirilən “mükafatlandırma” mərasimi də forumun ümumi məzmunu ilə ziddiyyət təşkil edir. Mövcud olmayan bir qurumun adından verilən bu cür cəfəng mesajlar daha çox daxili auditoriyaya hesablanmış addımdır və heç bir perspektivi yoxdur”.
K.Nurullayeva qeyd edib ki, erməni diasporu hər dövrdə olduğu kimi, yenə də öz xislətindən əl çekməməkdə israrlıdır:
“Bütün bunlar göstərir ki, erməni diasporu yenə öz ampluasındadır. Onların irəli sürdüyü tezislər və atılan addımlar keçmişin narrativlərinə söykənir və mövcud reallıqlarla üst-üstə düşmür. Onlar anlamalıdırlar ki, bölgədə dayanıqlı sabitliyin təmin olunması üçün emosional və ideoloji yanaşmalar deyil, dəyişən geosiyasi reallıqlara uyğun praqmatik siyasət həlledici rol oynayacaq”.
Nurlan Cəfəri













