“Məhsulların üzərində bəzi hallarda tərkibi göstərilmir. Mən mağazalarda tez-tez bu cür hallarla rastlaşıram. Aldığım yeyinti məhsulunun içinə nə vurulub bilmirəm. Hər halda bunu mən alıb yeyirəmsə, tərkibindəkini də bilmək mənim ən təbii haqqımdır”.
Anspress-in “qaynar xətti”nə müraciət edən Qərənfil Əliyeva mağazalarda qarşılaşdığı nöqsanlardan gileylənir.
Qərənfil xanım xüsusilə, bəzi ərzaq məhsullarının üzərində tərkibin göstərilməməsindən narazıdır. O bildirir ki, ərzaq üzərində nəinki məhsulun tərkibi, heç istehsal edən şirkət barəsində də məlumat yoxdur.
Qida sahəsi üzrə mütəxəssislər bildirirlər ki, bu cür hallar birbaşa vətəndaşların hüquqlarının pozulması deməkdir. İqtisadçı-ekspert Samir Əliyev açıqlamasında bu cür problemlərin həlli yollarından danışıb. Ekspert bu cür hallar rast gəlinən malların qəti şəkildə satışının qadağan edilməli olduğunu söyləyir:
“Yeyinti haqqında qanunda qeyd edilir ki, məhsulun üzərində tələb olunan məlumatlar əks olunmalıdır. İstər məhsulun tərkibi, istər onun istehsal müddəti olsun ərzağın üzərində qeyd edilməlidir. Həmçinin istehsalçı şirkətin koordinatları məhsulun üzərində əks olunmalıdır. Bu sadalananlar yoxdursa, o zaman məhsulun satışı qəti qadağan edilir. Burada vətəndaşın da hüququ pozulur. Məhsulu alan şəxs bilməlidir ki, ərzağın tərkibində nə var. Ən əsası isə bu məlumatlar Azərbaycan dilində olmalıdır. Bəzən görürsüz ki, məhsulun üzərində əcnəbi dilində məlumatlar olur. Ərəb dilində vəya digər dillərdə yazılmış məlumatı vətəndaşlar başa düşmür. Sonda isə zərbə vətəndaşa dəyir”.
Ekspertin fikrincə, bu cür nöqsanların aradan qaldırılması üçün ciddi nəzarət olmalıdır. Samir Əliyev qeyd edir ki, bura həm dövlət tərəfindən, həm də vətəndaş cəmiyyəti tərəfindən nəzarət gücləndirilməlidir: “Dövlət tərəfindən sosial çarxlar hazırlanaraq kanallarda yayımlanmalıdır. Vətəndaşlara elan edilməlidi ki, üzərində lazımi məlumatlar yazılmayan məhsulu almasınlar. Sosial çarxlarda bu məhsulların təhlükəli olduğu və s. bildirilməlidir. Bu addım xeyli effekt verə bilər. Pararlel olaraq da cərimələrin tətbiq edilməsi də məsələnin həllinə kömək edəcək”.
Məhsulun maya dəyərini azaltmaq istəyən bəzi işbazlar yeyinti məhsulunun tərkibinə xeyli miqdarda qatqılar əlavə edir. Bu yolla məhsul daha ucuz başa gəlir. Ancaq, pul qazanmaq istəyən şirkətlər insanların həyat təhlükəsini nəzərə almırlar. Bir çox xəstəliklərin yaranması da bu cür həddən artıq qatqıların və əlavə vasitələrin istifadəsindən yaranır. Digər bir problem məhsulun üzərində göstərilən tərkiblə maya dəyəri arasındakı uyğunsuzluqdur.
Belə ki, bəzi mağazalarda 2-3 manata kolbasa satılır. Məhsulun üzərindəki məlumatlarda isə tərkibində 90% ət olduğu yazılır. Buradan da tam aydın olur ki, istehsalçı şirkət vətəndaşı aldadır. Şirkətlər insan həyatı naminə də olsa gəlir əldə etməkdə maraqlıdır.
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə ANS PRESS-ə açıqlamasında sözügedən problem ilə bağlı məsələyə aydınlıq gətirib. Komitə rəsmisinin sözlərinə görə, məhsulun üzərində hər bir məlumat əks olunmalıdır, əks təqdirdə məhsulun satışı dayandırılır:
“İstehlakçı hüquqlarının müdafiəsi haqqında, yeyinti məhsulları haqqında, Standartlaşdırma haqqında qanunun tələbləridir ki, məhsulların üzərində bütün markalanma aparılmalıdır. Markalanmada məhsulun bütün məlumatları əks olunmalıdır. Məhsulun üzərində istehsal müddətindən başlamış son istehsal müddətinə qədər məlumatlar, ekoloji və qida dəyərliliyi, məhsulun tərkibindəki xam mallar, məhsulun saxlanma şəraiti, istehsalçı şirkətlərin əlaqə nömrələrinə qədər bütün detallar qeyd olunmalıdır. Əgər bu sadalananlar məhsulun üzərində əks olunmursa bu, qanunun tələblərinin pozulması deməkdir. Komitənin nəzdində fəaliyyət göstərən Dövlət Nəzarət Xidməti bu cür halların qarşısını almaq üçün mütəmadi monitorinqlər aparır. İnzibati xətalar məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur. Bu cür hallar aşkarlanan zaman ilk öncə məhsulun satışı üçün sanksiya tətbiq edilir. Qanunvericiliyə uyğun olaraq fiziki şəxslərə 1500-2000 manat, hüquqi şəxslərə isə 4000-5000 manat cərimə nəzərdə tutulur”.
Fazil Talıblının sözlərinə görə, bu cür mallar son vaxtlar tez-tez aşkarlanır. Komitə rəsmisi qeyd edib ki, bu cür hallar əsasən idxal olunan mallarda müşahidə olunur: “Biz belə məhsulları anbarlarda aşkar edərək satışa çıxarılmasının qarşısını almağa çalışırıq”.
www.yenicag.az