Rauf Mirqədirov azadlığa buraxılacaq?
“MTN-in təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovun həbs müddəti başa çatdığından o dərhal azadlığa buraxılmalıdır” – bunu vəkil Fuad Ağayev deyib. Onun sözlərinə görə, Rauf Mirqədirovun həbs müddəti noyabrın 19-da başa çatıb və həbsin uzadılması ilə bağlı heç bir qərar qəbul olunmayıb.
53 yaşlı Rauf Mirqədirov 2010-cu ildən “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Bu il aprelin 19-da o, Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları həbs edib. Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləməkdə, dövlətə xəyanətdə günahlandırılır.
İyulun 15-də Nəsimi Rayon Məhkəməsində Rauf Mirqədirovun həbs müddətinin uzadılması barədə təqdimata baxılıb. Təqdimatla Baş Prokurorluq çıxış edib. Məhkəmə Rauf Mirqədirovun həbs müddətinin 4 ay müddətinə uzadılması haqda qərar çıxarıb.
Noyabrın 20-də “Azadlıq” radiosuna danışan vəkil Fuad Ağayev deyib: “Bir sutkadan artıqdır ki, Rauf Mirqədirov qanunsuz həbsdə saxlanır. Həbs müddəti bitdiyindən noyabrın 20-də MTN-ə, Baş Prokurorluğa məktub göndərib qanunla onun dərhal azadlığa buraxılmalı olduğunu xatırlatdıq. Xahiş etdik ki, Rauf Mirqədirovun azadlıq hüququ təmin olunsun. Məktublarımız gündüz saatlarında ünvanına çatmışdı. Buna baxmayaraq heç bir xəbər çıxmadı. Biz də təcridxanaya yollandıq. Təcridxananın rəhbərliyindən xahiş etdik ki, qanunvericiliyə uyğun olaraq Rauf bəyi azad etsinlər.
Ancaq təcridxana rəhbərliyi heç Rauf Mirqədirovla görüşə də imkan yaratmadı. Bəhanə gətirdilər ki, guya xəstədir. İndi vəziyyətdən çıxış yolu axtarırlar. Rauf bəy hazırda qanunsuz olaraq həbsdə saxlanır. Yeganə yol onun azadlığa buraxılmasıdır”.
Rauf Mirqədirov 1961-ci il iyunun 15-də Bakıda anadan olub.
1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət həmin universitetdə baş laborant vəzifəsində çalışıb, sonra “Azərnəşr”də kiçik redaktor, redaktor işləyib.
1991-ci ildə “Zerkalo” qəzetinin müxbiri təyin edilib. 1992-ci ildə həmin qəzetdə daxili informasiya şöbəsinin müdiri olub.
1992-1995-ci illərdə Milli İstiqlal Partiyasının mətbuat mərkəzinə rəhbərlik edib.
1996-cı ildən “Zerkalo” qəzetində şöbə müdiri işləyib.
1998-1999-cu illərdə “Demokratik Azərbaycan” qəzetinin baş redaktoru olub.
1999-2000-ci illərdə “Bu gün” qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb.
2000-2001-ci illərdə “Millət” qəzetinin baş redaktor müavini vəzifəsini tutub.
2001-ci ildən “Zerkalo” qəzetinin siyasi icmalçısıdır. 2010-cu ildən həm də qəzetin Türkiyədə xüsusi müxbiridir.
Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
2008-ci ildə Norveçin “Söz azadlığı” Fondu ilə Almaniyanın Tsayt-Ştiftunq Fondunun təsis etdiyi “Söz azadlığı” beynəlxalq mükafatını alıb.
Evlidir, 3 övladı var.