!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionlarda sosial-iqtisadi inkişaf: "Bu istiqamətdə səyləri daha da artırmaq lazımdır" - TƏHLİL

!Reklam – Yazi

Milli iqtisadiyyatımızın qlobal iqtisadiyyatın tərkib hissəsi olduğunu nəzərə alsaq, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlılığının gücləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi təmin olunub və bu proses hələ də davam etdirilir.

Belə ki, hazırda regional iqtisadi siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq olunması, istehsal və ixrac imkanlarının artırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci, 2008-2014-cü və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. İqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb. Unutmaq olmaz ki, regionların inkişafı ölkədə davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.

Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında vurğulayıb ki, bu gün hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı müəyyən proqramlar həyata keçirilir:

“Bura sənayə parklarının, azad iqtisadi zonaların yaradılması, həmçinin kənd təsərrüfatı və aqrar sektora subsidiyaların ayrılması daxildir. Son büdcə müzakirələrində dövlət tərəfindən regionlara maliyyənin azaldılması sahibkarlıq fəaliyyətinin inkişafına və regionlara yerli investisiyanın artmasına səbəb olacaq. Artıq bir neçə rayonda mərkəzi maliyyələşmə sisteminin təsiri azaldılıb. Bu isə yerli icra hakimiyyətlərinin və sahibkarların investisiyaya cəlb olunmasına təkan verəcək. Növbəti ilin büdcəsində qeyri-neft sektorunun inkişafı və ərzaq təhülkəsizliyinin təmin edilməsi üçün müəyyən proqramların reallaşdırılması nəzərdə tutulur. Ərzaqlıq buğdanın əkilməsinə 5 illik subsidiyaların və güzəştli kreditlərin verilməsi də bu istiqamətdə atılan addımlardan biridir. İşğaldan azad olunmuş bölgələrimizdə 600 000 hektar sahənin meyvəçilik, tərəvəzçilik və qida emalı sənayəsinin inkişafına ayrılması, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının və Ağdam Sənaye Parkının yaradılması da sosial-iqtisadi inkişafa əhəmiyyətli dərəcədə təsir göstərəcək. Ümumiyyətlə bu gün hökumət tərəfindən həyata keçirilən iqtisadi siyasətin əsas meyarı qeyri-neft sektorunun və kənd təsərrüfatı sahəsinin inkişafına, heyvandarlığın daha da genişləndirilməsinə, həmçinin bölgələrdə turizm potensialının artırılmasına və yeni innovativ texnologiyaların tətbiq edilməsinə yönəlib”.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqamətində hazırlanan müvafiq proqramın olduğunu qeyd edən iqtisadçı Vüqar Oruc isə öz növbəsində bildirib ki, ölkə başçısı İlham Əliyevin 2019-cu ildə regionların sosial-iqtisadi inkişafına dair imzaladığı fərman var:

“Fərmana əsasən, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir. Məlumdur ki, əvvəllər 13 iqtisadi rayonumuz var idi. Hazırda bu rayonların sayı 14-ə çatıb. 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizin də inkişafını təmin etmək üçün Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Bura Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları daxildir. 14 iqtisadi rayonun inkişafı Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Çünki ölkə iqtisadiyyatı təkcə neft və neft məhsullarından, enerji daşıyıcılarından ibarət deyil. Eyni zamanda, ölkənin iqtisadiyyatı sənayenin inkişafından və iqtisadiyyatın digər sahələrinin çiçəklənməsindən asılıdır. Hər kəsə məlumdur ki, işğal altında olan ərazilərin azadlığından sonra kənd təsərrüfatı sahəsi istiqamətində böyük potensial yaranıb. Müəyyən maneələr aradan qaldırıldıqdan və yol-nəqliyyat infrastrukturu bərpa olunandan sonra sözügedən ərazilərdə kənd təsərrüfatının ciddi şəkildə inkişaf edəcəyi gözlənilir. Ümumilikdə isə Azərbaycan hökuməti regionlarda sənaye obyektlərinin, müəssisələrin yaradılmasının tərəfdarıdır və bu istiqamətdə mühüm addımlar atılır.

Ölkədə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. Eləcə də ölkə iqtisadiyyatının inkişafı üçün bank sektoru tərəfindən az faizli kreditlərin ayrılması planlaşdırılır. Bu, ölkədə biznes mühitinin daha da inkişafına təkan verəcək. Bir sözlə, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsinə yönəlik atılan addımlar təqdirəlayiq haldır və bu istiqamətdə səyləri daha da artırmaq lazımdır”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.media_loqo_esas

www.yenicag.az

761
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv