!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Parisin müstəmləkəçilik SİYASƏTİ: Fransanın Polineziyada törətdiyi cinayətlər – FAKTLAR

!Reklam – Yazi

XXI əsrin yeni reallıqlarına baxmayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirən ölkələr mövcuddur. Günümüzdə kolonializm siyasətini həyata keçirən ölkələr əsasən özlərini dünyada demokratiyanı və insan haqlarının müdafiəçiləri hesab edən ölkələrdir. Müstəmləkəçilik siyasətinin davam etdirilməsinin önündə gedən ölkələrdən biri və ya birincisi Fransadır. Fransa dünyanın müxtəlif qitələrində, xüsusən də Afrika və Asiyada müxtəlif xalqları müstəmləkəsi altında saxlayaraq onların hüquqlarını pozur, təbii sərvətlərini talayır. Fransanın müstəmləkəçilik siyasəti və bu siyasət nəticəsində insanlığa qarşı həyata keçirdiyi dəhşətli bəşəri cinayətlər barədə çox danışıb, yazmaq olar.

Müstəmləkəçilikdən əziyyət çəkən xalqlar davamlı olaraq Fransanın kolonial siyasətinə qarşı mübarizə aparıb və aparmaqdadır. İnsan haqları və demokratiyadan dəm vuran Fransa həmin xalqların hüquqlaırnı tanıyıb, hüququn aliliyini təmin etmək əvəzinə, onlara qarşı amansızcasına davranmaqdadır. Bunun nəticəsidir ki, son illərdə Afrikadan tutmuş, uzaq Cənubi Şərqi Asiyada, Sakit okeandakı ölkələrin Fransa müstəmləkəsinə qarşı müqavimət hərəkatının davam etdiyinə şahidlik edirik.

Son günlərdə isə Fransanın dənizaşırı əraziləri hesab olunan ölkələrdə son illər rəsmi Parisə qarşı etirazlar baş qaldırmaqdadır. Bu ölkələr artıq Fransa zülmündən xilas olmaq və müstəqil dövlətə çevrilmək üçün qəti mübarizəyə başlayıb.

Yeni Kaledoniyanın arxasınca Fransanın müstəmləkəçiliyinə məruz qalan və müstəqillik arzusunda olan ölkələrdən biri də Parisdən təqribən 17 min kilometr uzaqda – Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarət Fransız Polineziyasıdır. Bu ölkə yerli dildə Maohi Nui adlandırılır. On doqquzuncu yüzilin ikinci yarısından etibarən bu ərazilər Fransanın müstəmləkəçiliyi altında inləməkdədir.

1881-ci ildən Taiti Krallığı kimi tanınan Polineziya 1957-ci ildən isə Fransız Polineziyası adlandırılıb.

Qeyd edək ki, Polineziyanın yerli əhalisi səsvermə hüququnu yalnız 1946-cı ildə əldə edib və 1957-ci ildə ilk yerli hökumətini qurub. Buna baxmayaraq, 1977-ci ilədək Polineziya məktəblərində yerli dillər tədris olunmayıb və assimliyasiya siyasəti həyata keçirilib.

Polineziya təkcə epidemik xəstəliklərin (çikunqunya böhranı, Denge epidemiyası) ərazisi kimi yox, həm də bu gün qlobal iqlim dəyişikliyinə və nüvə silahına qarşı “mübarizə aparan” ölkə kimi təqdim edən Fransanın nüvə sınağının həyata keçirdiyi bir ərazi kimi tanınır. Fransa 1966-1996-cı illərdə burada 200-ə yaxın nüvə sınağı həyata keçirib. Bu sınaqlar yerli əhalinin sağlamlığına və ümumiyyətlə, bölgədə ətraf mühitə çox mənfi fəsadlar yaradıb. Nüvə sınaqları yerli əhali arasında xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olub. Təqribən 170 min nəfər Fransanın burada həyata keçirdiyi nüvə sınaqlarının qurbanı olub.

Yerli əhali hələ də şüalanmaya məruz qalan şəxslər üçün kompensasiya tələb etsə də, Fransa hökuməti bu istiqamətdə hər hansı ciddi addım atmayıb. 1998-ci ildə Fransanın Müdafiə Nazirliyi Polineziya əhalisinin nüvə sınaqlarından əziyyət çəkdiyini rəsmən etiraf edib və 2010-cu ildə Paris buna görə təzminat ödəməyə başlayıb. Lakin Fransa dövlətinin müstəmləkəçilik xisləti özünü burada da göstərib. Belə ki, bədxassəli şişlərin müalicəsi üçün təqribən 10 min nəfərə 800 milyon dollar ayrılsa da, bu təzminatdan yararlananların əksəriyyəti əsasən fransızlar olub. Polineziyada yerli əhalinin cəmi 63 nümayəndəsi bu təzminatdan ala bilib. Bunun nəticəsidir ki, adalarda xərçəng xəstəliyindən ölənlərin sayı kifayət qədər çoxdur.

Parisin bu ayrımçılıq siyasəti yerli əhalidə Fransanın müstəmləkçilik siyasətinə son verməsinə səbəb olan əsas amillərdədir. Artıq burada müstəqillik uğrunda mübarizə aparan siyasi təşkilatlar yaradılıb. Bunlardan biri də “Tavini Huiraatira” partiyasıdır. Onun adı yerli dildən tərcümədə “Yerli xalqa xidmət etmək” mənasını ifadə edir. “Tavini Huiraatira” 1977-ci ildə Oskar Temaru tərəfindən təsis olunub. Bu partiyanın əsas məqsədi Fransız Polineziyasının müstəqilliyinin əldə edilməsidir. “Tavini Huiraatira” partiyası parlamentdə təmsil olunur. Partiyanın səyi nəticəsində Dekolonizasiya İşləri üzrə Komissiya təsis edilib.

2013-cü ildə Polineziyanın yenidən BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına salınması məhz “Tavini Huiraatira” partiyasının nümayəndələrinin apardığı yorulmaz iş nəticəsində mümkün olub.

“Tavini Huiraatira” partiyası ölkənin müstəqilliyinin bərpası istiqamətində fəaliyyətini xarici platformalarda da davam etdirir. Partiya ötən il Qoşulmama Hərəkatının Azərbaycanda keçirilmiş nazirlər iclası çərçivəsində kolonializmlə mübarizəyə dair təşkil edilmiş tədbirdə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılmasında iştirak edən tərəflərdən biridir. Bu partiyanın nümayəndələri Bakı Təşəbbüs Qrupunun müvafiq komitələrində təmsil olunur, Qrupun dünyanın müxtəlif ölkələrində təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edirlər. Partiya ilə BTQ arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb. Memorandum gələcək əməkdaşlığın hüquqi bazasının yaradılması istiqamətində mühüm addım olmaqla yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın qurulması üçün yol xəritəsi funksiyasını daşıyır.

Qeyd edək ki, “Tavini Huiraatira” partiyasının rəhbər heyəti və nümayəndələrinin mayın 29-dan iyunun 2-dək Bakıya səfərləri çərçivəsində yeni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Nümayəndə heyəti Milli Məclisdə Fransız Polineziyasına dair elmi konfransa da qatılacaqlar.

BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransanın Okeaniyadakı dənizaşırı ərazilərindən olan Fransız Polineziyası 1946-cı ildə BMT-nin “Dekolonizasiya edilməli olan ərazilər” siyahısına daxil edilib. Lakin yerli əhalinin razılığı olmadan 1947-ci ildə Fransız Polineziyası həmin siyahıdan çıxarılıb.

Fransız Polineziyasının müstəqillik uğrunda mübarizə aparan qüvvələrinin fəaliyyəti nəticəsində 2013-cü il mayın 17-də Polineziya yenidən BMT-nin “Dekolonizasiya edilməli olan ərazilər” siyahısına salınıb. Lakin Fransa bu qərara hələ də məhəl qoymur, BMT-nin Dördüncü Komitəsinin (Xüsusi siyasi və dekolonizasiya məsələləri) və Dekolonizasiya üzrə xüsusi komitənin – C24-ün iclaslarını sistemli şəkildə boykot edir. Belə ki, bu il mayın 13-15-də Venesuelanın Karakas şəhərində keçirilən C24-ün iclasında Azərbaycanın iştirak edəcəyini öyrənən Fransa bu dəfə tədbirdə səfir səviyyəsində təmsil olunub.

BMT Baş Assambleyası 2013-cü ildən etibarən hər il Fransız Polineziyası ilə bağlı qətnamələr qəbul edir. 2014-cü ildən bəri isə Fransız Polineziyası barəsində BMT-nin Baş Assambleyası, Dördüncü Komitə, C-24, həmçinin İqtisadi və Sosial Şuranın (ECOSOC) hesabatları əsasında illik məruzə sənədi nəşr olunur.

Fransız Polineziyasının müstəmləkəçilikdən azad olunması məsələsi ilə əlaqədar BMT Baş Assambleyasının “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsinin həyata keçirilməsinə dair son on ildə 11 qətnamə qəbul olunub.

BMT Baş Assambleyası təşkilatın Nizamnaməsinin XI fəslinə uyğun olaraq, 1960-cı il 14 dekabr və 2013-cü il 17 may tarixli “Fransız Polineziyasının öz müqəddəratını təyinetmə” adlı qətnamələrində Fransız Polineziyası xalqının öz müqəddəratını təyin etməsini və müstəqillik qazanmasını onun əsas hüququ kimi təsdiqləyib. Sözügedən qətnamələr rəhbər tutularaq, Fransız Polineziyasının “Dekolonizasiya edilməli olan ərazilər” siyahısına uyğunluğu qəbul edilib.

Lakin Nizamnamənin 73-cü maddəsinə və “Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannamənin qəbulundan 63 il keçməsinə baxmayaraq, ərazinin hələ də Fransa hökuməti tərəfindən idarə olunmasına dair narahatlıq ifadə edilir. Beləliklə, BMT-nin Nizamnaməsinə və Baş Assambleyanın “Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməni əks etdirən 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransız Polineziyası xalqının öz müqəddəratını təyin etmək hüququ var. Bu sənədlər Fransız Polineziyasının azadlıq mübarizəsinin beynəlxalq hüquqi əsaslarını təşkil edir.

Mühüm beynəlxalq sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan da istifadə edərək, adalardakı kolonial maraqlarını inadkarlıqla davam etdirir. Fransanın Polineziyanı əlində saxlamaq üçün ciddi cəhdlər göstərməsi bu ölkənin müstəmləkəçi tarixindən, müxtəlif xalqların hüquqlarına laqeyd münasibətindən, həmçinin müstəmləkəsi altında olan ölkələrin sərvətləri hesabına varlanmaqda davam etmək niyyətindən qaynaqlanır. Lakin yerli əhalinin qətiyyəti və getdikcə artan dəstək Fransız Polineziyasının müstəqillik mübarizəsində uğur qazanacağına ümidləri artırır. Bu isə onu deməyə əsas verir ki, artıq dünyada Fransanın müstəmləkəçilik siyasəti ifşa olunmaqla iflasa uğramaqdadır.

Bu bir reallıqdır ki, Fransa özünü Avropada, Asiyada, Afrikada onlarla, yüzlərlə xalqın məhrumiyyətləri hesabına öz xoşbəxtliyini bədbəxtlik üzərində quran dövlət kimi göstərib. Əminliklə söyləyə bilərik ki, Paris gec-tez bunun cəzasını alacaq. Necə ki, əlcəzairli gəncin öldürülməsi ölkədə böyük iğtişaşlara, dağıntılara səbəb oldu. İstisna da deyil ki, bu kimi hadisələr yaxın gələcəkdə Fransanın gündəmi olacaq. Çox keçməz ki, Fransanın müstəmləkəsində xilas olan digər ölkələr kimi Polineziya da fransız müstəmləkəsindən xilas olub öz müstəqilliyinə qovuşar.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv