Respublika Perinatal Mərkəzinin açılması kimə SƏRF ETMİR? – ŞİKAYƏT/İDDİA
Respublika Perinatal Mərkəzinin işçiləri tərəfindən redaksiyamıza şikayət daxil olub.
Yenicag.az-a danışan işçilər bildiriblər ki, 08.01.2024-cü il tarixində mərkəzdə baş vermiş yanğın səbəbindən RPM təmir adı ilə bağlanıb.
Onların sözlərinə görə, iki ay sonra yalnız binanın fasadı və təxminən 35 kv.m-lik sahə təmir olunmuşdur. Bu müddət ərzində isə tibb işçiləri müxtəlif xəstəxanalara ezam olunmuş, lakin heç bir müəssisə RPM səviyyəsində xidmət göstərə bilməmişdir.
Şikayətçilər söyləyiblər ki, Perinatal Mərkəz artıq 1 il 3 aydır ki, fəaliyyət göstərmir:
“İşçilər ezam adı ilə ucqar xəstəxanalara göndərilib, I və II səviyyəli xəstəxanalar isə vaxtından əvvəl doğuşlar və yüksək riskli hamiləlikləri qəbul etmir. Nəticədə yüksək potensiala malik tibb mütəxəssisləri işsiz qalmış, ana və uşaq ölümü halları isə kəskin şəkildə artmışdır. 15 il ərzində ağır xəstələrlə işləyərək püxtələşmiş, hər biri “qızıl qiymətində” olan ginekoloq və reanimatoloq-neonatoloq kimi ixtisaslı mütəxəssislər hazırda işsiz qalmış və ya öz potensiallarının cəmi 10 faizini belə reallaşdıra bilmirlər”.
İşçilərin iddiasına görə, ən acınacaqlısı isə odur ki, TƏBİB-in kütləvi informasiya vasitələrində “əsaslı təmir olunaraq ilin sonunda istifadəyə veriləcək” deyə açıqladığı Perinatal Mərkəzdə hazırda heç bir təmir işi aparılmır:
“Bu da işçilər arasında ciddi narahatlığa səbəb olmuşdur. Eyni zamanda, şəhərdə mərkəzin yerləşdiyi binanın otel kimi satılması, təmir üçün ayrılmış vəsaitin isə başqa məqsədlərlə istifadə olunması ilə bağlı şayiələr yayılmışdır. Ucqar rayonlardan gələn ağır patologiyalı xəstələr və Bakının qadın məsləhətxanalarının göndərişi ilə müraciət edən yüksək riskli hamilələr hal-hazırda müraciət edə biləcəkləri heç bir müəssisə tapmırlar. Onların üz tutacağı ikinci bir perinatal mərkəz isə yoxdur. Bu səbəbdən, vaxtından əvvəl doğulan uşaqlar arasında ölüm halları getdikcə artır. Bu vəziyyət həm xəstələrdə, həm də səhiyyə işçilərində ciddi narazılıq yaradıb”.
Şikayətçilər tələb edirlər ki, səsləri aidiyyəti qurumlara çatsın və Perinatal Mərkəzin fəaliyyətinin tezliklə bərpa olunsun, əvvəlki kimi ana və uşaq sağlamlığının keşiyində durmasına köməklik göstərilsin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.