Vətən Müharibəsində şəhid olan Adəm Əliyevin Kürdəmirdə ağır şəraitdə yaşayan ailəsi ilə heç bir dövlət orqanı maraqlanmır.
Yenicag.az xəbər verir ki, tanınmış jurnalist Kamil Həmidovun yayımladığı şəhid Adəm Əliyevin anası ilə qardaşının Kürdəmirdə kirayə qaldığı viranə evin görüntüləri sosial şəbəkələrdə ciddi təpki doğurub.
Kamil Həmidovun bildirdiyinə görə, Adəm Əliyevin atası əslən Ağdamın Üçoğlan kəndindən, anası Akifə Ağayeva isə Kürdəmir rayonundanır. Ailə 1995-ci ildən sonra fasilələrlə Kürdəmirdə və Üçoğlanda yaşasa da, 2000-ci illərin əvvəllərində Kürdəmirdə məskunlaşıb. O səbəbdən Arif 1995-ci ildə Kürdəmirdə, Adəm isə 2000-ci ildə Üçoğlan kəndində dünyaya göz açıb.
2007-ci ildə valideynləri ayrılan Adəm anası Akifə xanım və qardaşı Ariflə birlikdə Kürdəmir şəhəri Üzeyir Hacıbəyov küçəsində kirayə tutduqları xarabalığı xatırladan evdə yaşayıb. O, musiqi ilə məşğul olub və repə ciddi maraq göstərib.
Vətən Müharibəsində döyüşən ordu ilə birgə mühüm əməliyyatlarda iştirak edən Adəm Əliyev oktyabrın 28-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub.
Nə qədər acınacaqlı olsa da, Adəmin şəhid olmasından sonra heç bir dövlət qurumu və ya ictimai təşkilat vəziyyəti onsuz da ağır olan ailə ilə maraqlanmayıb.
Dövlətdən heç bir umacağının olmadığını dönə-dönə vurğulayan şəhidin anası Akifə Ağayeva yaşadıqları Üzeyir Hacıbəyov küçəsindəki boş ərazidə onlara 2-3 sot torpaq ayırılmasını, həmin yerdə bir ev tikmək, bununla da Adəmin oralarla bağlı xatirələrini yaşatmaq istədiklərini deyir.
www.yenicag.az