Ronaldo “Real”-ı tərk edə bilər
Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldo hazırda çıxış etdiyi komandanı tərk edə bilər. Bu barədə İspaniyanın nüfuzlu “Don Balon” nəşri məlumat yayıb.
Yenicag.az azertac-a istinadən xəbər verir ki, “Real” mövsümdə uğursuz çıxış etdikdən sonra Karlo Ançelottini istefaya göndərən klubun prezidenti Florentino Peresin hərəkəti futbolçunun xoşuna gəlməyib. Pereslə Ronaldu arasında münasibətlər əvvəlcədən də yaxşı deyildi. Bundan başqa, “Kral klubu” prezidentinin yarımmüdafiəçi Qaret Beylə göstərdiyi qeyri-şərtsiz dəstək də Ronaldonun könlüncə olmayıb. O, həmçinin İspaniya KİV-lərinin “Real”ın növbəti baş məşqçi qismində şanslarını yüksək dəyərləndirdiyi Rafael Beniteslə işləmək istəmir.
Kriştianu Ronaldonun İspaniyanın “Real” klubu ilə müqaviləsi 2018-ci ilədək qüvvədə olsa da, Fransanın “Pari Sen-Jermen” komandası artıq indidən onunla maraqlanır və transfer təzminatını ödəməyə hazırdır.