“Rus Evi” BƏRPA OLUNUR? – “Öncə onlar özlərinə hörmət etməli...”

media-hightechnic-468x90

“Hansı ölkədə rus mədəniyyət mərkəzləri varsa, bilin ki, bu mərkəzlər casus şəbəkəsidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Natiq Miri

O, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovun Bakıda yerləşən “Rus Evi”nin yenidən açılması haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Analitik bu iddiaları şərh edərək Rusiyanın bunun üçün öz öhdəliklərini yerinə yetirməsinin vacib olduğunu vurğulayıb:

“Nəzərə almaq lazımdır ki, hansı ölkədə “Rus Evi”, rus mədəniyyət mərkəzləri varsa, bilin ki, bu mərkəzlər casus şəbəkəsidir. Əgər siz bununla razısınızsa və düşünürsünüzsə ki, rus fəaliyyət məkanlarındakı casus şəbəkəsini tam olaraq nəzarət edə biləcəksiniz, o cümlədən bu Azərbaycan dövləti üçün hər hansı bir təhlükə yaratmayacaq, o halda bu mərkəz bərpa oluna bilər. Əgər Rusiyanın hədsiz davranışlarını Azərbaycan nəzərə almayacaqsa, bu “Rus Evi” yenidən bərpa oluna bilər. Bir çox məsələlərdə qarşılıqlı anlaşma mümkündür. Amma casusluq şəbəkəsi bir dövlətin təhlükəsizliyinə çox ciddi bir təhdiddir. Ona görə də təhlükəsizlik məsələsində, adətən, güzəşt olmur. Bu da o deməkdir ki, bu bina bir casus şəbəkəsi kimi görülürsə o zaman bunun bərpasına imkan vermək olmaz”.

Politoloq düşünür ki, Qroznıda hərbi təyyarəmizin Rusiya tərəfindən vurulmasını onlar hələ də etiraf etməyiblər və bu halda bu mərkəz açıla bilməz:

“Paralel olaraq Azərbaycanın mülki təyyarəsinin Qroznıda vurulması hadisəsi konkret nəticəsinə çatmayıb. Rusiya bununla bağlı atmalı olduğu addımları da atmayıb. Ona görə də bu cür addımlar atılmadıqca, Rusiya dövlətinin hədsiz davranışı və Azərbaycana hörmətsizlik kimi dəyərləndirilir. Rusiya heç bir zaman özündən kiçik dövlətlərlə bərabər hüquqlu münasibətlər sistemi yaratmayıb və heç vaxt yaratmayacaq”.

Həmsöhbətimiz əmindir ki, sözdə Rusiya diplomatları hansısa boğazdan yuxarı fikirlər səsləndirə bilərlər:

“Reallıqda isə hər zaman belə olub. Onlar “arxa bağçası” saydığı keçmiş sovet respublikalarına özlərinin bir əyaləti kimi yanaşıblar. Ancaq Azərbaycan bu gün Rusiyaya əyalət olacaq dövlət deyil. Azərbaycan bu gün qlobal siyasətdə ciddi şəkildə mövcuddur və qlobal səviyyədə çox ciddi nüfuza və hörmətə malikdir. Azərbaycan bu gün özünün ərazi bütövlüyünü təmin edən bəlkə də son onilliklərdə yeganə ölkədir. Bu baxımdan. Azərbaycan dünyanın hörmətinə layiq ölkədir”.

“Rusiyaya isə hörmət edilməsi üçün öncə onlar özlərinə hörmət etməli, kimlərisə özlərinin kiçiyi saymamalıdır. Böyük düşünməyənlər böyük ola bilmir. Bütün bunlar da bu cür siyasətlərdə güzəştsiz davranışdan, güzəştsiz siyasətdən keçir. Bu baxımdan, bir casus şəbəkəsinin Azərbaycanda yenidən bərpası qəbul olunacaq bir hadisə deyil. Üstəlik, Azərbaycanın Rusiyadan çox ciddi gözləntiləri var. Hələ də Rusiya təyyarənin vurulması, onlarla insanın məhv edilməsi hadisəsini görməzdən gəlir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600