“Rusiya bundan qazanclı çıxa bilməz” – Kremlin bazar siyasətinə SON?
“Azərbaycanla münasibətlərin kəskinləşməsindən Rusiya qazanclı çıxa bilməz”.
Bu sözləri Rusiyanın şantaj siyasəti, Azərbaycanla münasibətlərin kəskinləşməsi və yaranmış vəziyyəti Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
O, bildirib ki, Rusiya Azərbaycana qarşı şantaj siyasəti həyata keçirir:
“Şimali Koreya, Rusiya, Çin üçlüyü yaranandan sonra Rusiya daha ürəkli hərəkət edir. Mütəxəssislər hesablayıblar ki, Rusiyanın bu gün istifadə etdiyi hərbi məhsulların 60 faizi Çin və Şimali Koreyadan gəlir”.
Onun sözlərinə görə, ruslar Azərbaycanı təhdid etməkdən çəkinmirlər:
“Onların əsas hədə yeri dənizdəki neft buruqlarıdır, ancaq ona da tələsmirlər. Türkiyənin Azərbaycanın müttəfiqi olması, Azərbaycanın yanında olması Rusiyanı xeyli çəkindirir. Üstəlik, Qazaxıstanda da Rusiyaya qarşı mövqedə dayanıb, Özbəkistan da Azərbaycanın yanındadır. Bütün bunları hesablayanda Rusiya qazanclı çıxa bilməz. Hələ ki şantaj ritorikası Rusiyanın siyasətində yüksək yeri tutur. NATO, demək olar ki, ordusunu gücləndirib. Bu da Rusiya üçün təzyiq elementidir. Bu prizmadan yanaşanda qüvvələr nisbəti Qərbin, Türkiyənin, Azərbaycanın xeyrinədir”.
Səxavət Məmməd