“Rusiya Ermənistanın Qərbyönümlü siyasətinə maksimum təmkinli davranır”.
Bunu Putinin Ermənistana səfəri ərəfəsində bu ölkədə yayılan etiraz xarakterli yazılara münasibət bildirən politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Ermənistanda Qərbyönümlü siyasətçilərin kompaniyaya başlaması Paşinyan hakimiyyətinin planı kimi görünür:
“İrəvanda keçiriləcək iclasda gündəm mövzusu KTMT-dən Azərbaycana qarşı istifadə etməkdir. Ermənistan əvvəldən bu istəyinə nail ola bilməyib. Paşinyan hakimiyyəti Rusiya başda olmaqla KTMT-nin Azərbaycana qarşı mövqe sərgiləməyəcəyini anlayır. Rusiyanı erməni cəmiyyətində gözdən salaraq qərbə yönəlmənin vacib olduğuna işarə verir. Hazırkı vəziyyətdə Paşinyan hakimiyyətinin KTMT-dən çıxıb Qərbə yönəlməsi çətin görünür.
Kreml İrəvanın hara qədər addım atacağını bilir. Rusiya Ermənistan tamamilə idarədən çıxdığı zaman hərbi müdaxilə edə bilər. Hərbi müdaxilədən əvvəl isə bir sıra təsir vasitələri var. İqtisadiyyat Rusiyadan asılıdır və orduda rusyönümlü şəxslər kifayət qədər çoxdur.
Rusiya Ermənistanın müdafiəsindən əlini üzə və Azərbaycan qarşısında tək qoya bilər. Bu isə Ermənistan üçün kifayət qədər ağır nəticələrə səbəb olacaq vəziyyətdir.
Rusiya Ermənistanın Qərbyönümlü siyasətinə maksimum təmkinli davranır. Çünki Ermənistanın hazırkı vəziyyətdə KTMT-dən ayrılması Qərbdə Rusiyanın nüfuzunu zədələyə bilər. Nə Ermənistanın, nə də Rusiyanın tam olaraq istəklərinə nail olacağı görünmür. Baş verən proseslərin balanslı formada davam edəcəyini düşünürəm”.
Qeyd edək ki, Putinin səfəri ərəfəsində ölkənin qərbpərəst və rusiyapərəst siyasətçiləri arasında polemika başlayıb. Erməni mətbuatında əhalini etiraz aksiyalarına çağırıb rus mədəniyyətinə aid heykəlləri dağıtmağı planlaşdıran, KTMT düşmən strukturudur mesajları verən materiallar yayılıb.
Nəsimi Ələsgərli
www.yenicag.az