!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-İran münasibətlərində GƏRGİNLİK: “Tehran bu sənədin imzalamasında maraqlı deyil”

!Reklam – Yazi

“Rusiya ilə İran arasında bugünkü münasibətlərdə müəyyən gərginliklər mövcuddur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.

Analitik İranla Rusiya arasında olan gərginliyin pərdəarxası məqamlarından, habelə İran prezidenti Məsud Pezeşkianın Rusiyaya silah satılması ilə bağlı səslənən iddiaları təkzib etməsinin səbəblərindən söz açıb.

S. Soltana görə, burada gərginlik ondan ibarətdir ki, iki dövlət arasında hələ də qarşılıqlı və əhatəli razılaşma müqaviləsi imzalanmayıb:

“Yəni bu müqavilə cari ilin yazında imzalanmalıydı, lakin İbrahim Rəisi öləndən sonra müqavilənin prezident seçkilərindən sonra imzalanması qərara alındı. Bir neçə həftə öncə də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, müqavilə tezliklə imzalanacaq, amma görünən odur ki, Tehran bunu imzalamaqda maraqlı deyil”.

Mütəxəssis düşünür ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqunun Tehrana səfərində səslənən məsələlərdən biri Zəngəzur yolu ilə bağlı Rusiyanın rəsmi mövqeyinin Tehran hakimiyyətinə çatdırılması idisə, digəri də məlum müqavilənin imzalanması məsələsi ilə bağlı idi:

“Çünki həmin əhatəli razılaşma müqaviləsində həm də qarşılıqlı hərbi yardım məsələsi də nəzərdə tutulur. Ona görə ki, analoji müqavilələr Şimali Koreya və Vyetnamla da imzalanıb. Rusiya belə bir müqaviləni İranla da imzalamaq istəyir. Amma İrana çoxsaylı təzyiqlər, Rusiyanın İranla bağlı atdığı addımlar, xüsusən də Zəngəzur yolu ilə bağlı ötən günlərdə verilən açıqlamalar Tehranı qıcıqlandırıb. İran hesab edir ki, Rusiya istənilən an İranın maraqlarını sata bilər. İranda parlament üzvləri və ayrı-ayrı siyasi qüvvələr Rusiyaya qarşı çıxışlar da etdilər”.

“Odur ki, indiki vəziyyətdə İranın Qərblə münasibətləri normallaşdırmaq cəhdi əsas prioritetlərdəndir. Bu məsələdə İrana mane olan şey Rusiya-İran hərbi-texniki əməkdaşlığıdır. Bu əməkdaşlıq isə özünü Ukraynada göstərdi. Məsələn, bir müddət əvvəl Məsud Pezeşkian təzə prezident seçiləndə İrandan Rusiyaya ballistik raketlərin verilməsi ilə bağlı informasiyalar yayıldı. Tehran hakimiyyəti bunu təkzib etsə də, bu məsələ ilə bağlı İrana, onun bir neçə şirkətinə və fiziki şəxsinə sanksiyalar tətbiq edildi”, – o, əlavə edib.

S.Soltanın qənaətinə görə, bu gün İran dövləti Pezeşkianın hakimiyyətə gəlməsi ilə Qərblə münasibətləri normallaşdırmaq yolunda olan maneələri azaltmaq niyyətindədir:

“Bunlardan biri İranın şübhəli nüvə proqramıdır. Pezeşkian bəyan edir ki, İranın heç bir şübhəli nüvə proqramı yoxdur və İsrail tərksilah olunarsa, İran da tərksilah olar. Pezeşkian bunu BMT-dəki çıxışlarından birində bəyan edib. Bu çıxışlardan biri Ukraynaya silah verilməsi ilə bağlıdırsa, digəri də nüvə məsələsi ilə əlaqədardır. Məsələn, Beynəlxalq Atom Enerjisi üzrə Agentliyinin direktoru Rafael Qrossi bəyan edir ki, Tehrana getməyə və bu istiqamətdə danışıqlar aparmağı səbirsizliklə gözləyir. İran tərəfi də bu addımı atmaq niyyətində olduğunu bildirir”.

“Odur ki, Pezeşkianın “İran heç vaxt Rusiyaya Ukraynada istifadəsi üçün silah verməyəcək” kimi açıqlaması hələlik real görünmür. Hələlik İranla Rusiya müttəfiq olmasa da, mövcud beynəlxalq şəraitə görə onlar məcburi tərəfdaşdırlar. Ona görə ki, İrana qarşı BMT Təhlükəsizlik Şurasının 3 sanksiyasına Rusiya da səs verib. Məhz bunun üçün də Rusiya-İran münasibətləri dayanıqlı deyil. Hesab edirəm ki, Pezeşkianın bu açıqlaması həm Rusiya, həm də beynəlxalq ictimaiyyətə bir ismarışdır”, – o, söyləyib.

Siyasi ekspertin fikrincə, ola bilsin ki, bu məsələlərə noyabrda Tatarıstanın paytaxtı Kazanda keçiriləcək BRICS üzvlərinin Zirvə Toplantısında aydınlıq gətirilsin:

“Çünki həmin toplantı çərçivəsində Putin-Pezeşkian görüşü də gözlənilir. Bəziləri deyir ki, həmin görüşdə haqqında bəhs edilən əhatəli razılaşma müqaviləsi də imzalansın. Ona görə də Pezeşkianın verdiyi açıqlama hələ İranın Rusiyaya silah-sursat verməyəcəyi anlamına gəlmir. Bunun hökmünü təkcə Məsud Pezeşkian yox, həm də İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi və onun ətrafındakı hərbi müşavirlər verir”.

Rafi Müslümov

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv