Rusiya Poroşenkoya doğru bir addım atdı
Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimində Rusiyanın bu ölkədəki səfiri Mixail Zurabov iştirak edəcək.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasın iyunun 5-də belə açıqlama verib.
İyunun 7-də keçiriləcək andiçmə mərasiminə 20 ölkənin dövlət və hökumət başçılarının qatılacağı gözlənir.
Dünyanın yeddi aparıcı ölkəsinin (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya) dövlət və hökumət başçıları iyunun 4-də Brüsseldə toplaşaraq Rusiyanı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaqda ittiham edib.Bəyanatda deyilir ki, Rusiyanın Krımı qanunsuz ilhaq etməsi və Ukraynanın şərqində sabitliyin pozulması ilə bağlı hərəkətləri qəbuledilməzdir və buna son qoyulmalıdır.
Sammit iştirakçıları Moskvadan 4 şərtin yerinə yetirilməsini tələb ediblər:
– Mayın 25-də Ukraynada keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaq və yeni seçilmiş prezident Pyotr Poroşenko ilə əməkdaşlıq etmək;
– Ukraynanın şərqinə silah və yaraqlı axınına son qoymaq;
– Rusiya-Ukrayna sərhədindən qoşunların tam geri çəkmək;
– qaz nəqlinə zəmanət vermək.