Rusiya üçün GERİ SAYIM: Növbəti addımlar nələr olacaq?
“ABŞ-nin Rusiyaya tətbiq edəcəyi sanksiyalar effektiv olmayacaq”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu bildirib. Onun sözlərinə görə, sanksiyalar ciddi təsir göstərməyəcək, çünki bu istiqamətdə indiyə qədər atılan addımlar heç bir effektiv nəticə verməyib.
Zülfüqaroğlu, ABŞ prezidenti Donald Trampın Rusiyaya verdiyi 10 günlük atəşkəs möhlətinin avqustun 8-də bitəcəyini və bu müddətdən sonra Rusiyanı nələrin gözlədiyini şərh edib. O, ABŞ-ın Rusiya ilə münasibətlərini qırmaq niyyətində olmadığını və əksinə, münasibətləri normallaşdırmağa çalışdığını vurğulayıb:
“Əsas məsələ Çinə qarşı iqtisadi mübarizədə Rusiyanın Çinin yanında yer almaması ilə bağlıdır. Bu baxımdan, Trampın qoyduğu müddət başa çatdıqdan sonra Rusiyaya qarşı sərt addımların atılacağı ehtimalı azdır. Əlbəttə, Trampın atəşkəslə bağlı nəticə əldə edə bilməməsi, daxili ictimai rəy baxımından onun üçün arzuolunmazdır. Lakin Tramp, görüntü üçün də olsa, Ukrayna məsələsində müəyyən nəticələr əldə etməyə çalışacaq”.
Politoloq, Rusiyanın atəşkəs üçün irəli sürdüyü şərtləri də qeyd edib:
“Putin şərtləri olduqca maksimalistdir. O, Ukraynaya verilən silah dəstəyinin dayandırılmasını, Ukraynanın NATO-ya üzvlük məsələsinin müzakirədən çıxarılmasını və Krım məsələsinin heç bir şəkildə gündəmə gəlməməsini tələb edir. Həmçinin, Xerson və Zaporojye vilayətlərinin boşaldılmasını, Luqansk və Donetsk kimi ərazilərin də Ukrayna tərəfindən Rusiyanın tərkib hissəsi kimi tanınmasını istəyir. Lakin Ukrayna bu şərtlərlə razılaşmır”.
Zülfüqaroğlu, müharibənin davam etməsində maraqlı olan tərəflərdən də bəhs edib:
“Britaniya və Avropa İttifaqı müharibənin davam etməsini istəyən tərəflərdir. Onlar Ukraynadan sadəcə kart kimi istifadə edərək, müharibənin uzanmasını, bununla da Rusiyanın daxildən zəifləməsini, nəticədə Putin hakimiyyətinin devrilməsini və qərbmeyilli hakimiyyətin formalaşdırılmasını hədəfləyirlər. Hazırda Avropa İttifaqı və Britaniya bu siyasətin davam etdirilməsində maraqlıdır. Lakin ABŞ ilə Avropa İttifaqı arasında Ukrayna məsələsindəki fikir ayrılıqları vəziyyəti daha mürəkkəbləşdirir”.
Əli Zülfüqaroğlu, avqustun 8-də başa çatacaq olan möhlət sonrası Rusiyanı gözləyən prosesləri də şərh edib:
“Tramp, Rusiyaya qarşı sanksiyaların nəzərdən keçirilə biləcəyini bildirib, amma özü də sanksiyaların effektiv olacağına inanmır. Bu, ABŞ-ın Rusiyaya mesaj verməsi kimi qiymətləndirilə bilər – yəni Rusiyaya ciddi təsir etməyəcək sanksiyalar tətbiq olunacaq. Növbəti mərhələdə ABŞ, Rusiyaya qarşı görüntü xarakterli addımlar ata bilər. Lakin bu addımların ciddi nəticələr doğuracağı gözlənilmir”.
Bu vəziyyətin yaxın dövrdə heç bir əhəmiyyətli dəyişiklik yaratmayacağına dair fikirlərini tamamlayan politoloq, müharibənin davamı və sanksiyaların effektivliyi mövzusunda vəziyyətin mürəkkəbləşəcəyini bildirib.
Nurlan Cəfəri