Son vaxtlar daşınmaz əmlakda, xüsusilə tikinti sektorunda bahalaşma müşahidə olunur. Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Azərbaycanın tikinti bazarına təsiri özünü göstərir.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanın əksər istehsal müəssisələri xammalın böyük hissəsini xarici ölkələrdən aldığı üçün dünya iqtisadiyyatında gedən mənfi proseslər ölkədə qiymət artımına yol açır:
“Məlumdur ki, Azərbaycana tikinti materiallarının böyük hissəsi Rusiya və Ukraynadan gətirilir. Xüsusən Ukraynadan gətirilən dəmir-metal konstruksiyalarından daha çox istifadə olunur. Hazırda tikinti materiallarının idxalında ciddi problemlər var. Bu gün Rusiyada sanksiyalara görə rublun qiyməti kəskin düşüb. Ona görə də əksər istehsal müəssisələri böyük inflyasiyaya məruz qalmamaq üçün tikinti materiallarını satmamalı və ya qiymətləri artırmalıdır. Bu tendensiya ölkəmizə gətirilən tikinti materiallarının qiymətlərində artıma səbəb olur. Tikinti materiallarının qiymətinin qalxması hazırda tikilməkdə olan və fərdi həyət evlərinin qiymətinə təsir edib. Bu baxımdan, mövcud vəziyyətdə bina inşa etmək sahibkarlara sərf etmir. Çünki tikinti əmsalına görə daha çoxmərtəbəli bina tikə bilmirlər. Tikinti şirkətləri hələlik gözləmə mövqeyindədir.
Onu da qeyd edim ki, Ukrayna-Rusiya müharibəsi Azərbaycanın daşınmaz əmlak bazarına hər mənada mənfi təsir göstərir. Rusiyada yaşayan soydaşlarımız artıq buradakı əmlaklarını satışa çıxarırlar ki, orada olan bizneslərini xilas edə bilsinlər. Eyni vaxtda 10 minlərlə əmlak satışa çıxarılır. Mövcud vəziyyət Rusiya iqtisadiyyatına mənfi təsir göstərdiyi kimi, soydaşlarımızın da bizneslərini çökdürür”.
Gülşən Şərif
www.yenicag.az