!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 115-ci GÜNÜ: "Kreml şəxsi heyəti önəmsəmir, onlar isə tapşırığı yerinə yetirmək üçün..." - TƏHLİL

!Reklam – Yazi

115 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 565 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 325 ədəd, səhra artilleriyası və minaatanlar – 596 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 262 ədəd, HHM sistemi – 123 ədəd, təyyarələr – 214 ədəd, helikopterlər – 179 ədəd, qanadlı raket – 175 ədəd, PUA – 600 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 590 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 660 ədəd, səhra artilleriyası və minaatanlar – 2 015 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 540 ədəd, HHM sistemi – 345 ədəd, təyyarələr – 205 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 235 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz on beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 115-ci gündə döyüşlər əsasən Severodonetsk, Lisiçansk, İzyum, Popasnoe, Xerson, Zaporojets yaşayış məntəqələri ərazilərində davam etdi və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş vermədi:

“115-ci gündə əməliyyatlar teatrında ən ağır istiqamət Severodonetsk bölgəsi olaraq qaldı. Severodonetsk uğrunda hər iki tərəf şiddətli döyüşlər aparır. Burada mövqelərə gah bir tərəf, gah da digər tərəf nəzarət edir. Əməliyyat şəraiti çox tez-tez dəyişir və vəziyyət gərgin olaraq qalır. Promzona hələ də Ukrayna müdafiə ordusunun nəzarətindədir. Şiddətli küçə döyüşləri davam etdi. Görünən odur ki, Rusiya qoşunları üçün Severodonetsk şəhərinin ərazisi siyasi-hərbi tapşırığın olmazsa olmazlarındandır.

İzyum istiqamətində də hücumlar davam etdi. Burada Slavyansk istiqamətində irəliləmək rusların əsas tapşırıqlardan biri olaraq yerinə yetirilməyə çalışılır. Burada ciddi irəliləyiş olmadı.

Liman qruplaşması da yerində mövqe döyüşləri apardı. Ruslar Severodonetsk çayı üzərindən yeni panton körpü salmaq üçün yerlərin kəşfiyyatını apardı. Lakin son dəfəki panton körpünün partladılmasından sonra hələ də yeni körpü sala bilməyiblər. Severodonetsk çayını keçmək hələ də onlar üçün ciddi əngəl olaraq qaldı.

Lisiçansk bütün gün ərzində artilleriya və aviasiya vasitələrinin atəşləri ilə bombalandı. Belə davam etsə Lisiçansk da Mariupolun, İrpenin, Buçanın taleyini yaşayacaq. Lisiçansk da ruslar tərəfindən kabus şəhərlər sırasına daxil ediləcək. Belə intensiv raket artilleriya atışlarının qarşısında şəhər çətin ki, tab gətirə bilsin.

Bundan əvvəlki proqnozlarımızda da qeyd etmişdik ki, ruslar əvvəlki kimi piyada qoşunları hesabına yox, məhz ələ keçirməli olduğu şəhərləri artilleriya və raketlərlə sıfırlayacaq, sonra piyada qoşunlarını əraziyə buraxacaq. Bunu etməkdə əsas səbəblərdən biri də, itkilərin sayını azaltmaqdır. Ruslar artıq şəhərləri raket və artilleriya ilə sıfırlayır, ondan sonra hərəkət edir.

Popasna istiqamətində ruslar qismən irəlilədi. Nəhayət ki, ruslar Popasna-Lisiçansk avtomobil magistralına çıxa bildilər. Lisiçansk-Baxmut avtomobil yolu qismən onların nəzarətinə keçdi. Bu səbəbdən bu istiqamətdə Ukrayna qoşunlarının hərəkət və manevr qabiliyyəti çox məhdudlaşacaq. Bu da öz növbəsində əməliyyat şəraitinə ciddi mənfi təsir göstərəcək. Yenə, bundan əvvəlki təhlillərimizdə Popasna-Lisiçansk avtomobil yolunun əhəmiyyətindən bəhs etmişdik. Ruslar üçün bu yol olmazsa olmazlardan idi.

Luqansk vilayətinin cəmi beş faizinə Ukrayna qoşunları nəzarət edir və ruslar bu beş faizi də nəzarətə götürməkdə qərarlı görsənir.

Görünən odur ki, Rusiya qoşunları siyasi tapşırığa nail olmaq üçün bütün istiqamətlərdə hücum döyüşlərini intensivləşdirib. Bu əməliyyatları eyni zamanda aviasiya və artilleriya zərbələri ilə maksimum dəstəkləməyə çalışır. Az-az da olsa onlar irəliləməyə davam edir. Görünən odur ki, şəxsi heyət və zirehli texnika itkiləri Kreml rəhbərliyini o qədər də narahat etmir. Birinci eşalonda döyüşən diviziya komandirləri nəyin bahasına olursa-olsun, siyasi tapşırığın yerinə yetirilməsinə maksimum çalışır.

Onların canfəşanlığını da anlamaq olar. Çünki müharibə gedən zaman onsuz da xeyli sayda yüksək rütbəli zabitlər ya həlak olub, ya da ordudan uzaqlaşdırılıb. Bu müharibə ərazidə döyüşənlərin gələcək karyerası üçün çox önəm kəsb edir. Ona görə də onlar siyasi tapşırığı yerinə yetirmək üçün hər şey edirlər.

Ukrayna qoşunları müdafiə əməliyyatlarında ciddi artilleriya sistemlərinin çatışmazlığını hiss edirlər. Onlar bütün hərbi parametrlər üzrə üstün güc nisbəti qarşısında davam gətirməkdə çətinlik çəkirlər. Hər gün verilən itkilərin yerini doldurmaq da o qədər asan olmur. Amma öz torpaqları uğrunda döyüşdükləri üçün üstün motivasiya onlara vəziyyətdən çıxmağa kömək edir. Şimali Atlantika Alyansı hərbi yardımları hələ də tam həcmdə təmin edə bilmir. Ukrayna qoşunları isə ciddi hərbi yardıma ehtiyac duyur.

Bu şərtlərdə müharibənin hansı tərəf üçün daha uğurlu davam edəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv